Milli Məclisin deputatı Fazil Mustafa ictimai fəal Bəxtiyar Hacıyevdən hüquq-mühafizə orqanlarına şikayət edib.
 
RePost.Az xəbər verir ki, dünən səhər saatlarında Hacıyev deputatın şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq dindirilib.
 
Xatırladaq ki, F.Mustafa iyunun 20-də özünün Facebook səhifəsində Bəxtiyar Hacıyevin onu şantaj etməyə çalışdığını yazmışdı:
 
“Azərbaycan Ordusunda xidmət etməkdən imtina edən Vətən xaini Bəxtiyar Hacıyev zəng edib növbəti tərbiyəsizliyini etdi və bildirdi ki, səsinizi yazıram. Mənim icazəm olmadan səsimi yazmaqla şantaj məqsədi güddüyünü anladım. Mən də mərhum atam haqqında yazdığı böhtan xarakterli əxlaqsız yazılara görə onun hüquqi müstəvidə cavabının veriləcəyini bildirdim. Və bildirdim ki, onun yaxınlarının pis yola düşməsində nə mənim, nə atamın hansısa günahı yoxdur.
Səbəbi başqa yerdə axtarsın. Bu düşünür ki, telefon şantajı ilə etdiyi əməllərdən yaxasını qurtaracaq. Bilir ki, quyruğu qapı arasındadır. Bu Vətən xaininin sonadək cəzalandırılması üçün əlimdən gələni edəcəyəm. Sonra da bir neçə yenə də təhqir xarakterli mesaj da yazdı. Bu yazdığım statusla ölkənin Baş prokuroruna, Daxili İşlər nazirinə müraciət edirəm, açıq-aşkar şantaj və təhqirlə üzərimizə hücum edən Bəxtiyar Hacıyevin qanunun tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görməyə çağırıram”.

Baxış sayı: 4473 | Tarix: 23.06.2020
Bizi Telegramda izləyin: @repostaz