Deputat, Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc olduqca maraqlı müsahibə verib. Millət vəkili rəhbərlik etdiyi qurumun fəaliyyətindən tutmuş, ölkə gündəminin aktual mövzularınadək çoxsaylı suallarımıza cavab verib.
RePost.Az “Yeni Müsavat”a istinadən sözügedən müsahibəni təqdim edir:
- Zahid bəy, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin olunmağınızdan 1 il 5 ay keçir. Uzunömürlü məmurlarla müqayisədə təbii ki, uzun vaxt deyil, amma az müddət də sayılmamalıdır. Bu müddət ərzində hansı işləri görə bildiniz?
- Bu suala cavab verməmişdən qabaq 2019-cu ilin ilk aylarının siyasi və idarəetmə çağırışlarına diqqəti cəlb etmək yerinə düşər. Prezident İlham Əliyev qarşıya qoyduğu ambisiyalı proqramlar çərçivəsində çox böyük dəyişikliklərə qərar verdi. İlk dövr, o addımları islahatlar və yaxud “Yeni kurs” siyasəti kimi xarakterizə etmək mümkün olsa da, proses siyasi və idarəetmə sistemində fundamental keyfiyyət dəyişikliklərini meydana çıxardığı üçün sonralar biz onu “İlham Əliyevin yeni hakmiyyət quruculuğu” adlandırardıq və zaman bizim yanaşmamızın doğruluğunu təsdiqlədi. Məhz bu dövrdə dövlət başçısının sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin yaradılması böyük dəyişikliklər kursunun məntiqi ilə birbaşa bağlı idi. Müxtəlif dövlət, hökumət strukturlarının ləğv olunması özlüyündə sübut edirdi ki, ölkə rəhbəri tədqiqatlar sahəsinə diqqəti ilə bir tərəfdən indiki halda ictimai rəyi öyrənən bir institutun vacibliyini öz qərarı ilə cəmiyyətimizə və dünyaya nümayiş etdirir, digər tərəfdən sonrakı dönəmdə idarəetmə sistemində veriləcək qərarlarda mütəhərrik olaraq dəyişən cəmiyyət mövqeyini nəzərə almağa, elmi əsaslarla aparılan tədqiqatları nəzərə almağa qadir olduğunu bir daha bəyan edir. Axı gerçəkdən də ictimai rəy fenomeni bütün qabaqcıl dövlətlərin idarəçilik həyatında mühüm yer tutur.
- Və siz qarşısına qoyduğunuz məram-məqsədlərlə işə başladınız...
- İlk vaxtlar təşkilati, texniki, müəyyən hüquqi prosedurları həyata keçirməyə çalışdıq, çünki sıfırdan yeni təşkilatın qurulması köklü qayğıları həll etməyi tələb edirdi. Hər hansı bir subyektiv, özəl maraqlar güdülmədən istedadı, intellektual qabiliyyəti, dövlətə, dövlətçiliyə bağlılığı daha ümdə tutmaqla qısa zaman kəsiyində sayı 30-a çatan bir komandanın yaradılması üçün gecəli-gündüzlü durmadan çalışmağın nəticəsini bir neçə ay sonra hiss etməyə başladıq. Yeri gəlmişkən, ötən əsrin 3-cü onilliyində Amerikada yaranmış Gallup Mərkəzi, həmçinin Britaniyada, yaxud Yaponiyada və digər ölkələrdə belə institutlar onlarladır. Təfərrüatlara varmadan deyək ki, biz müxtəlif təlimlər sayəsində dövlət siyasəti sənədlərinin hazırlanması, rəy sorğuları, təhlillər, hesabatlar və s. kimi mühüm sahələrdə qabaqcıl təcrübəni öyrənərək dünyada, xüsusilə də Avropada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələrdə mühüm kriteriyanın nə qədər haqlı seçildiyini gördük. Yəni ölkələrin inkişafına qiymət verilərkən əhalinin 1000 nəfər çalışanına 10-dan artıq tədqiqatçı düşmürsə, bu halda Avropa siyasətinin yönləndiriciləri o ölkələrdə problemlərin olduğunu qeyd edirlər. Əlbəttə, nizamnamə sənədi, qarşıya qoyulmuş məqsədlər-müxtəlif sahələrdə 30-dan artıq prinsipial vəzifənin mərkəzin üzərinə düşməsi özlüyündə gözləntilərin həddindən artıq böyük olduğundan xəbər verirdi. Üstəlik, cəmiyyətdə belə düşüncələr, istəklər formalaşmaqda idi ki, mərkəz həm də dövlət rəhbərliyi və cəmiyyət arasında bir ötürücü naqildir, etibarlı rabitədir, həmçinin ictimai düşüncəni çatdıran mühüm bir körpüdür, kommunikasiya vasitəsidir.
Beləliklə, mərkəz ötən müddətdə cəmiyyətə gördüyü işlərin hesabatını təqdim etdi. Burada xüsusilə ötən ilin 24 sentyabrında STM-in “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda istər dövlət-hökumət, o cümlədən üçüncü sektor, elm-ictimaiyyət nümayəndələri, eləcə də media təmsilçiləri ilə birlikdə yadda qalan dərin araşdırma və təhlilləri xüsusi vurğulamaq yerinə düşər. Söhbət yalnız belə irimiqyaslı, təntənəli tədbirin keçirilməsindən getmir, ayrıca vurğulayaq ki, orada aparılmış araşdırmalar 2019-cu ildə həyata keçirilən köklü iqtisadi-siyasi dəyişikliklərin obyektiv, elmi və beynəlxalq standartlara uyğun qiymətləndirilməsini özündə ehtiva edirdi. Ardınca “Tam orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli” adlı fundamental bir sənədimiz ortaya qoyuldu. Təhsillə bağlı araşdırmalarımız o sahə üçün yeni idi və Dövlət İmtahan Mərkəzinin daha çox qəbul sistemi, vətəndaşların ona münasibəti və bunun təhsilimizin gələcəyində oynayacağı rolla bağlı təhlillərdən söhbət gedirdi. Bu sənədin uzun müddət ictimai müzakirə aktuallığını qoruması millətimiz üçün yararlı iş ortaya qoyulduğunu bir daha sübut edirdi. Bundan sonra STM-in ölkədaxili miqrasiyanın sosial tədqiqi ilə bağlı hesabatı da çox önəmli informasiya, fakt və analizlərdən biri hesab oluna bilər. Dünyada olduğu kimi, Azəbaycanda da insanların bir bölgədən digərinə, yaxud da kəndlərdən qəsəbə və şəhərlərə köçünün sosial-iqtisadi səbəbləri ətrafında axtarışlar dövlətin-hökumətin müvafiq qurumları tərəfindən mühüm qərarların verilməsində önəm daşıyacaq işlərdir.
- Amma bildiyimizə görə, fəaliyyətiniz bunlarla məhdudlaşmır, elədir?
- Təbii. Paralel olaraq, Azərbaycanda media landşaftının sosioloji tədqiqi kommunikasiya sahəsində çox önəmli, strateji bir məsələdir. Yüz illərdir ki, media cəmiyyət həyatını, dövlət siyasətini həyata keçirməkdə vazkeçilməz vasitə kimi ən güclü qüvvədir. Biz “media landşaftı” layihəsi sayəsində Azərbaycan insanının informasiyaları haradan aldığını müəyyənləşdirməyə çalışdıq və müəyyən təkmilləşdirmələrə ehtiyacı olmağına rəğmən o sənədi də uğurlu şəkildə meydana çıxardıq.
Xüsusi olaraq STM tərəfindən “Prezidentin fəaliyyəti ictimai rəydə” İnam İndeksi dünyada geniş yayılan və özünü doğruldan mühüm işlərdəndir. Burada müxtəlif vaxtlarda ölkənin birinci şəxsinin verdiyi qərarların ictimai önəmi, yaxud da regional, beynəlxalq müstəvidə apardığı genişmiqyaslı fəaliyyətin insanlar tərəfindən qiymətləndirilməsini aparmaq dövlət siyasətinin gələcəyini müəyyənləşdirməyə əvəzsiz kömək edə bilər. Məhz qeyd etdiyimiz məsələlər fonunda ölkə rəhbərinin müxtəlif vaxtlarda çıxışlarında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış işlərin nəticələrinə bir neçə dəfə istinad edilməsi bizi qürurlandırmaqdan daha çox məsuliyyətli edir, işimizdə daha ciddi tələbkarlıqla çalışmağa sövq edir. Ümumiyyətlə, bizim kimi çalışan mərkəzlər ilk növbədə dövlət, hakimiyyət orqanlarına qarşıdakı dövrün həyati ehtiyaclarını müəyyənləşdirən 1 illik proqram tərtib edirlər və onun əsasında çalışmalar gerçəkləşdirirlər, lakin cari kontekstdə çağırışlar da daim nəzərə alınır. Bir sözlə, ötən 1 il 4 ayın bailavasitə işləməyə imkan qazandığımız qısa dövründə aparılmış 14-ə qədər mühüm tədqiqat sənədlərini toplu halında ictimailəşdirə bilmişik, lakin bu tədqiqat sənədlərinin media vasitələrinə daha geniş çıxışı yaxın zamanlarda təmin ediləcək.
- Mərkəz olaraq tədqiqatlarınızı yəqin ki, yuxarı instansiyalara təqdim edirsiniz. Tədqiqatlarınız nə deyir, xalqın yerlərdə məmurlara münasibəti necədir? Ümumiyyətlə, DTX-nın keçirdiyi əməliyyatlarda sizin mərkəzin həyata keçirdiyi sorğuların nəticələri nə dərəcədə rol oynayır?
- Bu, çox vacib məsələdir, çünki hakimiyyət institutlarına ictimai etibar bütün demokratik cəmiyyətlərdə böyük önəm daşıyır. Doğrudur, istənilən şərti Avropa ölkəsi, məsələn, hətta qabaqcıl, dünyaya böyük inqilablar, dövlət quruluşları bəxş etmiş Fransanın özündə belə, rəhbərliyə gələnə qədər birinci şəxslərin reytinqi yüksək olur, sonrakı dövr bu əksər hallarda azalma ilə müşayiət olunur. Bu, elə bir fenomendir ki, əslində böyük bir okeanda kompas kimi qiymətləndirilə bilər. Ancaq belə demək mümkündürsə, nə ictimai rəyin bütövlükdə girovuna çevrilmək, nə də onu inkar etmək yanlış olar. Bu, mühüm bir fenomendir, onunla mütləq hesablaşmalısan, hətta ən xoş məramlı bir qərarın cəmiyyət tərəfindən uğurlu qarşılanmırsa, üzərində düşünməlisən. Bir məsələni burada qeyd etməklə fikrimizi daha aydın izah etmiş olarıq. Məsələn, İçərişəhərin qala divarları qarşısında yeni layihənin gerçəkləşdirilməsi zamanı anti-azərbaycançı qüvvələr informasiya məkanında böyük bir kampaniyaya başladılar və mahiyyət etibarilə bunun siyasi hədəfi dövlət idi. Lakin həmin qüvvələr, obrazlı desək, İçərişəhərin əsas günbəzində simvol kimi yerləşdirilmiş toplardan “atəş açırdılar” və “mədəni abidələrin qorunması” adı altında silahlanaraq hakimiyyətə qarşı, müasir dillə desək, infodemiyaya əl atdılar. Hadisə yerinə, qalmaqalın əsas episentrinə dövlətdə ikinci şəxsin, hörmətli Mehriban xanım Əliyevanın gəlişi ilə bütün emosiyaları sakitləşdirən və proseslərə yön verən davranışlar sərgiləndi, mediaya açıqlama verildi və o zaman birinci vitse-prezidentin çox vacib bir mesajı bütün hökumət orqanlarına ötürüldü. Orada deyilirdi-hər hansı qərarın icrasına başlamazdan əvvəl orada ictimai mübahisəli məqam varsa, bunun üçün həmin məsələyə dair ilkin izahat işləri aparılmalı, məsələn, mediaturlar təşkil edilməli, cəmiyyət məlumatlandırılmalıdır və yalnız ondan sonra uyğun addımlar atmaq lazımdır ki, əks cəbhələr açılmasın. Həqiqətən rəsmi informasiya və kommunikasiya siyasəti üçün bir nömrəli vəzifə bundan ibarətdir.
O ki qaldı dövlət institutlarına vətəndaşların münasibətinə, biz bunu 2019-cu ildəki sənədlərimizdə obyektiv olaraq əks etdirmişik. Çox mümkündür ki, bəzi sənədlər tam ictimailəşməyib, burada heç bir tələb də yoxdur, əsas məsələ o yöndə işlərin gerçəkləşməsidir. Yalnız onu deyə bilərik ki, bizim sənədlərimizdə icra hakimiyyətlərinə əhalinin yarıdan çox hissəsinin münasibətinin mənfi olduğu təsbit edilib. Bu, özlüyündə dərin narahatlıq doğurmaqdaydı. Bugünlərdə əsas siyasətin, eləcə ideoloji-siyasi işlərin quruculuğuna cavabdehlik daşıyan qüvvələrin fəaliyyətlərində dönüş etməyəcəkləri təqdirdə sərt addımların atılacağı şübhə doğurmurdu. Gördüyünüz kimi, artıq indi beş icra hakimiyyəti başçısının ən sərt qaydada cəzalandırılması, həbsə məruz qalması özlüyündə mühüm bir göstəricidir və təəssüf ki, mənfi siqnaldır. Belə halda, problemlərin xəritəsini müəyyənləşdirərək onun üzərindən sırf emosional hissi ovqatda deyil, elmi əsaslarla hər biri işi aparmaq təkcə problemi öz adı ilə çağırmaq deyil, təkliflər irəli sürmək və çıxış yollarını göstərmək sarıdan önəmlidir. Əlbəttə, dövlət təhlükəsizlik orqanlarında edilən kadr dəyişikliyi məlum qurumun imicinin cəmiyyətin nəzərində yüksək səviyyədə bərpasına kömək etdi, eləcə də yeni hakimiyyət quruculuğu, yeni elitanın formalaşması prosesinə ziyan vuran şəxslərin də cəzalandırılmasında vacib rol oyandı.
Əlbəttə, ölkə miqyasında təhlükəsizlik qüvvələrinin struktur bazisi böyükdür, onların dövlətimizin strateji mənafelərini daha böyük məkanda qorumağa çalışırlar, lakin onu deyə bilərik ki, bizim çalışdığımız müstəvi məxfi məlumatlar sahəsindən daha çox ölçülə bilən, görülən, analiz edilən məsələlərdir. Qarşıda görüləcək hələ çoxlu işlər var, çünki bizim növbəti sənədlərimizdə məhkəmə, prokurorluq orqanlarına münasibətin xeyli narahatlıqlar doğurduğu təsdiqlənib və biz o sənədi də ictimailəşdirdik. Müsbət hadisə odur ki, Ədliyyə Nazirliyinin rəhbəri hörmətli Fikrət Məmmədovun çıxışlarının birində bu məsələyə etibarlılıqla yanaşıldığını gördük. Bu, əlbəttə ki, bizi sevindirir, burada kimsə bizi qərəzdə, xüsusi bir ambisiyada, özəl mənafelərdə ittiham edə bilməz, əks halda, sadəcə, mərkəzin işini obyektiv əsaslarla qurmaq çətin olar.