Yerli sakinlər Xəzər rayon Polis İdarəsinə yeni rəis təyin olunmuş Əli İbrahimovdan narazılıq edirlər. 
 
Sakinlərin RePost.Az-a dediklərinə görə, rəis gələr-gəlməz xırda və orta sahibkarlardan qeyri-qanuni yığımlara başlayıb. Bütün mağaza, restoran və digər obyekt sahiblərini idarəyə dəvət edərək onlardan aylıq haqq tələb edir.  
Bundan başqa səlahiyyətinə aid olmadığı halda fərdi yaşayış evlərinin tikintisinə müdaxilə edir, sənədlər qaydasında olsa da, onlardan tikiləcək hər mərtəbəyə görə, 1500-2000 manat qeyri-qanuni haqq tələb edir. 
Hətta vəziyyət o yerə çatıb ki, rəis evini təmir edən şəxslərdən də pul tələb edir.
 
O, Qaradağ rayonunda bu cür işlədiyini, burada da yeni “düzən” yaradacağını bəyan edib.
 
Sakinlərin sözlərinə görə, bütün bu “rüsumları” Əli İbrahimovun adında Nəsimi adlı şəxs tələb edir. O, Polis İdarəsinə məxsus 90 AP 949 dövlət nömrə nişanlı, qara rəngli “Pejo-405” markalı avtomobillə ərazini gəzərək rəisin tələblərini çatdırır. “Əmr”ə tabe olmayan şəxslərin isə işləri dayandırılır, özləri Polis İdarəsinə aparılır. 
 
Sakin sözügedən qanunsuzluqlarla bağlı Xəzər rayon İcra başçısını məlumatlandırıb, polis rəisinin özbaşınalıqlarına son qoyulmasını tələb ediblər. 
 
İcra hakimiyyətindən sakinlərə məlum məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat veriləcəyi bildirilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov RePost.Az-a hələlik Əli İbrahimovla bağlı quruma heç bir şikayət daxil olmadığını desə də, məsələnin mütləq araşdırılacağını qeyd edib.
 
Xatırladaq ki, Əli İbrahimov haqqında bu məzmunlu şikayətlər birinci dəfə deyil. Səbail rayon Polis İdarəsinin rəisi işlədiyi müddətdə də dəfələrlə haqqında mətbuatda şikayətlər dərc olunub. Hətta dəfələrlə köməksiz şəxslərin mənzillərini əllərindən almasına, hətta bu minvalla həyat yoldaşı Kəmalə İbrahimovanın adına 22 mənzil alındığına dair iddialar səsləndirilib.
 
Nərimanov rayonu Təbriz küçəsi ev 94, mənzil 92-də yaşayan Abdullayeva Azadə Firudin qızı 1984-cü ildən Bakıda yaşadığını bildirir. Süpürgəci işləyərək həm iki oğlunu böyüdüb, həm də ev ala bilib. Sonradan həmin evi hazırda yaşadığı mənzillə dəyişib.
Abdullayeva Azadə bildirir ki, Xalidə adlı bir qadının xeyli yalvarışından sonra ona kömək məqsədi ilə evin sənədlərini başqa bir adama verib pul götürüblər. Pul ödənilmədikdə isə onun mənzili qanunsuz olaraq İbrahimova Kəmalə adlı bir qadınının adına özəlləşdirilib. Kəmalə İbrahimova isə o zaman Səbail rayonunun , hazırda isə Qaradağ rayon Polis İdarəsinin rəisi olan Əli İbrahimovun həyat yoldaşıdır.
 
Mənzil mübahisələndirməsi məhkəmə müstəvisinə çıxarılıb. Nərimanov rayon məhkəməsi Abdullayeva Azadənin xeyrinə qətnamə çıxarıb. Lakin qarşı tərəfin apellyasiya şikayəti təmin olunaraq  Kəmalə İbrahimova tərəfindən satılan həmin evin  Əli Cəlilova məxsus olması barədə qərar çıxarılıb.
 
Məhkəmə zamannı göndərilən sorğular nəticəsində məlum olub ki, polis rəisinin arvadının adına Bakı Şəhərində 22 mənzil var. Abdullayevanın sözlərinə görə bu mənzillərin əksəriyyəti eyni qayda ilə vətəndaşlar aldadılaraq onların əlindən alınıb. O, bu məsələ ilə bağlı  digər şikayətçilərin də olduğunu bildirib.
 
Şikayətçi xanımın bildirdiyinə görə Əli İbrahimov öz vəzifə səlahətlərindən istifadə edərək, onun sağ olan ərinə ölüm aktı alaraq sənədləşmə işini asan həyata keçirə bilib.
 
Sonda Abdullayeva Azadə özünün və övladlarının hədələndiyini də bildirib. Aidiyyatı qurumlardan ölçü götürülməsini xahiş edib.

Baxış sayı: 5898 | Tarix: 18.08.2020
Bizi Telegramda izləyin: @repostaz