Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən daha bir qrup şəxs cəzalandırılıb.
 
RePost.Az xəbər verir ki, 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.
 
Həmin şəxslər polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə cərimə ediliblər.
 
Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.
 
Cərimələnənlər arasında Ramiz Mehdiyevin nəvələri də var.
 
Belə ki, AMEA prezidentinin nəvələri – Kənan Əliyev və Fərid Mehdiyev də xüsusi karantin qaydalarını pozaraq həmin məclisdə iştirak etdiklərinə görə, hər biri 400 manat məbləğində cərimə olunublar.
 
Qeyd edək ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.
 
Xatırladaq ki, bundan əvvəl Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.

Baxış sayı: 3637 | Tarix: 23.08.2020
Bizi Telegramda izləyin: @repostaz