Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə sanitar-təmizlik vəziyyətinə diqqət artırılsa da, Binəqədi rayonunda zibilliklərin təmizlənməsində vəziyyət ürəkaçan deyil.
RePost.Az xəbər verir ki, Binəqədi rayonu Mir Cəlal küçəsində (“Favorit” marketin yaxınlığında) yerləşən zibbillik epidemiya mərkəzinə çevrilib. Zibillikdən axan çirkab sular ətrafda pis qoxunun yaranmasına səbəb olur. Xüsusilə də zibil daşınarkən ətrafa dağılan çirkab suyun həcmi dəflərlə artır. Zibil daşıyan avtomobillərin bəzi hissələri sıradan çıxdığından və təmir olunmadığına görə, çirkab sular ətrafa dağılır.
Nəticədə həmin ünvanda olan marketə alış-verişə gələn insanlar yola dağılan çirkab sulardan keçməklə mağazaya daxil olurlar və müxtəlif bakteriyaları qapalı məkana daşıyırlar. Bu isə pandemiya dövründə sanitar-epidemioloji vəziyyətin daha da pisləşməsinə səbəb olur.
Bununla bağlı dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə məlumat verilsə də, qurumun qaynar xəttinə foto və videolar göndərilsə də, sakinlərin şikayətləri qulaqardına vurulur.
Vəziyyətlə əlaqədar olaraq İcra Hakimiyyətinin qaynar xəttinə etdiyimiz zənglərə cavab verən olmadı.