Ötən ay avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilin anası Teona Tamazaşvili səsləndirdiyi fikirlərlə bağlı Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.
RePost.Az-ın məlumatına görə, APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb. Bildirilib ki, T. Tamazaşvilinin məhkəməyə dindirilmə üçün çağırılmasının səbəbi onun bir neçə gün öncə Gürcüstanın bəzi rəsmilərinin Qarabağ müharibəsi zamanı Azərbaycanın əleyhinə silah tədarükü həyata keçirməsi ilə bağlı bəyanat səsləndirməsidir.
T. Tamazaşvilinin vəkili Mixeil Ramişvili bildirib ki, müdafiə etdiyi şəxs Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmasını istəyib və istintaq orqanlarının bütün suallarına cavab verməyə hazırdır.
Qeyd edək ki, Kvemo Poniçala sakini olan 23 yaşlı proqramçı T. Baçaliaşvili iyulun 23-də Tetritskaro meşəsində “Hyundai” markalı avtomobilində ölü tapılıb.
Ailə üzvləri avqustun 30-da Gürcüstan Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiya zamanı qızlarının ölümünün əldə etdiyi məxfi məlumatlarla əlaqədar olduğunu bildiriblər.
Ailə üzvlərinin sözlərinə görə,T. Baçaliaşvili Gürcüstanın üç yüksək vəzifəli məmurunun Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə silah tədarükü həyata keçirməsi ilə bağlı məxfi məlumatlar əldə edib. Ailə üzvləri həmin məlumatların T. Baçaliaşvilinin yoxa çıxan yaddaş cihazında olduğunu qeyd ediblər.
Mərhumun anası məsələnin araşdırılması üçün Azərbaycan və Türkiyədən yardım istəyib.