Ermənistan müdafiə nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub.
Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı. Ermənistan müdafiə nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır.
Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır.
Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür.
Bildiririk ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır.