Azərbaycanın Baş prokuroru Kamran Əliyev Gəncədə Ermənistanın atdığı raketin dağıntılar törətdiyi ərazidə olub. Baş prokuror hadisə yerində jurnalistlərə açıqlama verib.
RePost.Az xəbər verir ki, K.Əliyev bu addımı atan Ermənistan siyasi rəhbərliyinin ağlını itirdiyini bildirib:
“Biz onu müşahidə edirik ki, cəbhə bölgəsində, döyüş bölgəsində Ermənistan ordusu məğlubiyyətə uğradıqca, çarəsizlikdən dinc əhaliyə qarşı hücumlarını şiddətləndirirlər, intensivliyi artırırlar. Bu da onların acizliyindən xəbər verir. Amma hesab edirəm ki, bu dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyi ağlını itirib. Bu, bəşəriyyət, insanlıq əleyhinə ciddi cinayətdir. Bunun həm hüquqi, həm də siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün çox ağır olacaq. Azərbaycan rəhbərliyi, cənab prezident həm siyasi, həm hərbi sahədə buna adekvat cavablar verəcək.
Bu, artıq Ermənistan rəhbərliyi üçün aqoniyadır, onlar sonlarının başlandığını hiss etdikcə bu kimi addımlara əl atırlar. Azərbaycan dinc əhalisi arasında panika yaratmaq istəyi ağılsız addımdır. Bu, alınan deyil. Gəncə əhalisi çox qoçaq, mərd xalqdır. Belə şeylərlə onları qorxutmaq mümkün deyil. Bu da bir mərhələdir, bunu da biz, xalqımız ləyaqətlə, qürurla yaşayacağıq, bunu da keçəcəyik. Döyüş bölgəsində indi qələbə necə bizimlədirsə, axıra qədər də belə də olacaq”.