Ciddi məğlubiyyətə uğrayaraq Füzuli şəhərini və rayonun bir sıra kəndlərini itirən işğalçı Ermənistan ordusunun müqavimət qabiliyyəti tam tükənib.
“Report” xəbər verir ki, düşmən ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb.
Ermənistan ordusu bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Bununla yanaşı, cəbhədə ardıcıl məğlubiyyət iqtisadi durumun ağır olduğu və əhalinin ciddi sosial problemlər yaşadığı Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, əks qüvvələr revanş götürmək üçün hərəkətə keçirlər. Ordunun şəxsi heyəti arasında ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır, artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar.
Faktlar sübut edir ki, düşmən ordusunun əsgərləri arasında kütləvi fərarilik baş alıb gedir, orduda xidmətdən boyun qaçıranları məsuliyyətə cəlb etmək praktikası heç bir nəticə vermir. Ermənistanda insanlar hərbi çağırış məntəqələrinin qarşısını kəsir, onların fəaliyyətini iflic vəziyyətinə salırlar.
Ölkədə və orduda mövcud vəziyyət Nikol Paşinyan hakimiyyətinə reallıqla barışmaqdan başqa çıxış yolu saxlamayıb. Artıq Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır.
Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür.
Ermənistan siyasi, iqtisadi, sosial və hərbi böhran mərhələsinə qədəm qoyub və belə bir vəziyyətdə Paşinyan hakimiyyəti çıxış yolunu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdə görür.