Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.
RePost.Az xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.
Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq".
Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərləşdirilib.
Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.
Bildirilib ki, həmin şəhər və rayonlarda 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.