“27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən başladılan əks-həmlə əməliyyatı dövründə bu günə qədər Azərbaycan Ordusunun bütün birləşmələri, bölmələri beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Cenevrə Konvensiyasına əlavə edilmiş protokollara tam olaraq riayət edir”.
 
RePost.Az-ın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
 
Onun sözlərinə görə, Azərbaycan Ordusu verilən göstərişlərə uyğun olaraq bütün protokol, norma və prinsiplərə riayət edir.
 
A. Eyvazov qeyd edib ki, bu müddət ərzində  həm canlı qüvvə, həm də döyüş texnikası baxımından düşmənə verilən ağır itkilər nəticəsində düşmən hər dəfə geri çəkilməyə məcbur edilir: “Artıq bildiyiniz kimi bir neçə şəhər, kənd və qəsəbələrimiz işğaldan azad edilib. Hazırda Ağdərə, Xocavənd və Qubadlı istiqamətində döyüşlər davam edir, düşmənə qarşı ciddi tədbirlər görülür”. 
 
MN-in mətbuat katibi onu da qeyd edib ki, bu müddət ərzində 3 dəfə humanitar atəşkəs elan edilib və bölmələrimiz tərəfindən göstərişə uyğun olaraq bu rejimə tam olaraq riayət edilib: “Təəssüf ki, düşmən bəyan edilmiş rejimlərdən sui-istifadə etmək məqsədilə hər dəfəsində bölmələrimizə qarşı hücum etmək niyyətini göstərib. İtirdikləri mövqeləri yenidən əldə etmək məqsədilə bizə qarşı əks-hücum əməliyyatı icra etməyə çalışıb. Lakin hər dəfəsində ağır itkilərlə, zərbələrlə bir az da geriyə çəkilmək məcburiyyətində qalıblar. Döyüş ərazisində dəfələrlə uğursuzluqla üzləşən düşmən bölmələri çarəni başqa istiqamətlərdə axtarırlar. Çıxışı yolu axtarırlar. Təbii ki, birinci növbədə onların əllərindən gələn bizim döyüş sahəsindən kənarda yerləşən yaşayış məntəqələrimizi raket və artilleriya silahları ilə atəşə tutmaqdır ki, bu da mülki əhalimizə və mülki infrastrukturumuza ziyan verir. Biz bunların qarşısını almaq üçün təbii ki, döyüş əməliyyatlarını yenidən davam etdiririk və düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir”.

Baxış sayı: 3352 | Tarix: 31.10.2020
Bizi Telegramda izləyin: @repostaz