Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
 
RePost.Az-ın xəbərinə görə, sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb: 
 
Dövlət Komissiyasının sədri
 
Əli Əsədov – Azərbaycan Respublikasının Baş naziri
 
Dövlət Komissiyasının sədr müavini
 
Şahin Mustafayev – Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Dövlət Komissiyasının üzvləri
 
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi 
 
Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri
 
Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
 
Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
 
Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
 
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
 
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
 
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
 
Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
 
Kamran Əliyev – Azərbaycan Respublikasının Baş prokuroru.
 
2. Dövlət Komissiyası:
 
2.1. 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.2. bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan qiymətləndirmənin nəticələrinə əsasən dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
 
2.3. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının yaradılmasını, habelə həmin məlumatların daim yenilənməsini təmin etsin;
 
2.4. görülmüş işlər barədə ictimaiyyətin mütəmadi məlumatlandırılmasını təmin etsin.
 
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 2.3-cü bəndində nəzərdə tutulmuş məlumatların beynəlxalq ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara çatdırılması üçün tədbirlər görsün.
 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 

Baxış sayı: 3599 | Tarix: 06.11.2020
Bizi Telegramda izləyin: @repostaz