Heydər Əliyev Fondunun təşkilati və maliyyə dəstəyi ilə 2019-cu ilin noyabr ayından İstanbulda müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev ailəsinin xahişinə əsasən sabah Bakıya gətirilir.
Bu barədə RePost.Az-a Heydər Əliyev Fondundan məlumat verilib.
Xatırladaq ki, aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir.
Hadisədən sonra ailəsinin etdiyi müraciət nəzərə alınaraq, Oqtay Gülalıyevin Bakıdakı müalicəsi üçün Heydər Əliyev Fondu tərəfindən xaricdən əlavə mütəxəssislər də cəlb edilmişdir. Daha sonra ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən o, 2019-cu il noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı əsasında ayrılmış xüsusi ambulans təyyarə ilə İstanbula aparılmış, burada Fondun maliyyə dəstəyi ilə Avrasiya və Amerikan xəstəxanalarında müvafiq əməliyyatlar həyata keçirilmiş və müalicə kursu təşkil edilmişdir.
Qeyd edək ki, Firuzə Gülalıyeva 14 sentyabr 2020-ci il tarixində Heydər Əliyev Fonduna müraciət edərək Oqtay Gülalıyevin Türkiyədəki müalicəsi üçün Fond tərəfindən ayrılan maliyyə yardımından imtina etdiyini bildirmişdir. 31 oktyabr tarixində yenidən Heydər Əliyev Fonduna müraciət edən Firuzə Gülalıyeva imtina etdiyi müddət ərzində Oqtay Gülalıyevin Türkiyədə müalicəsi ilə əlaqədar yaranan xəstəxana xərclərinin Fond tərəfindən ödənilməsini və onun Bakıya gətirilməsinin təşkil olunmasını xahiş etmişdir.
Həkimlərin rəyinə əsasən, Oqtay Gülalıyevin müalicəsi bundan sonra ev şəraitində davam etdirilə bilər. Bir il ərzində Oqtay Gülalıyevin müalicəsinə təşkilati və maliyyə yardımı göstərən Heydər Əliyev Fondu Oqtay Gülalıyevin Bakıda evində müalicəsinin təşkili üçün müvafiq şəraitin yaradılmasına da köməklik edib.