"Məhz Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı rabitəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi və göründüyü kimi, artıq rəsmi bəyannamə sənədi Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanıb, qüvvəyə minib".
 
RePost.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə müşaviri Məhərrəm Əliyev deyib. 
 
O bildirib ki, atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərən tərəflərdən biri də Rusiya rəhbərliyi idi və qəbul olunmuş sənədə əsasən düşmən işğal olunmuş əraziləri bəlli olan, ictimiyyətə də elan edilən qrafik əsasında tərk etməlidir: " Çünki o da bəlli idi ki, artıq Rusiya münaqişədə neytral tərəf tutdu. Onu da unutmamalıyıq ki, Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövduluğunu qoruyub-saxlayır. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.
 
Beləliklə, bütün bu kimi məsələlər, etibarlılıq prinsipləri də nəzərə alınmaqla Rusiyaya məxsus sülhməramlı qüvvələr təmas xəttində fəaliyyət göstərəcəklər, o cümlədən bu fəaliyyətin müddəti də 5 ildir. Yəni 5 ildən sonra münaqişə tərəflərindən biri sülhməramlıların xidmət apardıqları təmas xəttini tərk etməsini istəyərsə, həmin qərar dərhal icra olunacaq. Bu, həmin sənədin tərkib hissəsində yer alan mühüm müddəadır".
 
M. Əliyev bildirib ki, artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər: "Həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır. Hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir. Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir".
 

Baxış sayı: 3903 | Tarix: 12.11.2020
Bizi Telegramda izləyin: @repostaz