Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
 
RePost.Az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.
 
Onun sözlərinə görə, Baş katib BMT-nin ölkəyə humanitar yardım göstərməyə hazır olduğunu vurğulayıb:
 
“Ümid edirik ki, hərbi əməliyyatların dayandırılması humanitar işçilərin bütün ehtiyacı olan insanlara və münaqişədən təsirlənən bütün bölgələrə çıxışını təmin edəcəkdir” - deyə, o bildirib.
 
Bundan başqa BMT Ərazilərinin Minalardan Təmizlənməsi Xidməti (ƏMTX) dekabr ayının əvvəllərində təcili olaraq xüsusi bir missiyanın yerləşdirilməsi üçün Dağlıq Qarabağda lazımi yardımı qiymətləndirməyə başlamağı planlaşdırır. 
 
Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin rəsmi nümayəndəsi məlumat verib.
 
BMT rəsmisi qeyd edib ki, ƏMTX təmsil etdiyi qurumun digər ofisləri və yerlərdəki ölkə təmsilçiləri ilə koordinasiya edilərək, bir missiyanın Dağlıq Qarabağda təcili yerləşdirilməsi üzərində işləyir: “Çox güman ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq”.

Baxış sayı: 3637 | Tarix: 24.11.2020
Bizi Telegramda izləyin: @repostaz