Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunun “Azərbaycan bayrağı” Ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
 
Sərəncamla təltif olunanlar sırasında Şuşa şəhərinin azad edilməsində fərqlənmiş xüsusi təyinatlı qüvvələrin polkovniki Tehran Mənsimovun da adı var.
 
RePost.Az Modern.az-a istinadla xəbər verir ki, hazırda Naxçıvanda işinin başında olan polkovnik Tehran Mənsimov yüksək təltifə görə Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz təşəkkürünü bildirib.
 
Son günlər barəsində yayılan xəbərləri əsassız hesab edən Tehran Mənsimov qısa açıqlamasında “Şayiələrə fikir verməyin”, - deyərək Azərbaycan Ordusunda bundan sonra da şərəflə qulluq edəcəyini vurğulayıb.
 
Azərbaycan Ordusunun fədakar zabitlərindən olan polkovnik Tehran Mənsimovun atası, Qusar şəhər sakini Cavid Mənsimov oğlunun Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeninə layiq görülməsini eşidəndə çox sevindiyini deyib:
 
“30 ildir orduda qulluq edən oğlumun yüksək mükafata layiq görülməsini eşidəndə çox fərəhləndim. Cənab Ali Baş Komandanımız İlham Əliyevə çox təşəkkür edirəm. Vətən və Vətənin igid oğulları sağ olsun".
 

Baxış sayı: 4017 | Tarix: 16.12.2020
Bizi Telegramda izləyin: @repostaz