Beynalxalq hüquq müdafiə təşkilatı Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı Saydnaya hərbi həbsxanasında edam və işgəncələr barədə apardığı araşdırmanın nəticələrini açıqlayıb.

RePost.Az xəbər verir ki, Amnesty International təşkilatının hesabatına əsasən, Suriyada “ərəb baharı” başlayandan bu günədək bir həbsxanada gizli şəkildə aralarında çoxu sivil inqilabçılar olmaqla 13 minə qədər insan asılaraq edam edilib.

Təşkilat iddia edir ki, 2011-2015-ci illər arasında hər həftə  Saydnaya həbsxanasında kütləvi edamlar yaşanıb və bütün bunlar Suriya hakimiyyətinin əmri ilə olub.

Suriya hakimiyyəti ona qarşı edilən bu iddiaları bundan öncə də yalanlayıb.

Suriyadakı vətəndaş müharibəsi ilə bağlı insan haqlarının ciddi şəkildə pozulması və qeyri-qanuni şəkildə həbs edilən etirazçılara qarşı ağır işgəncələrin verilməsi və onların edam edilməsi xəbərləri 2016-cı ildə BMT ekspertləri tərəfindən səsləndirilsə də Bəşər Əsəd iqtidarı tərəfindən yalanlanmışdı.

Amnesty International bu hesabatı üçün adı çəkilən həbsxanada olmuş 84 nəfər gözətçi, məhbus və rəsmi şəxslərdən müsahibə alıb. Təşkilatın araşdırmasına görə, həftədə bir, bəzənsə iki dəfə Dəməşqin şimalında yerləşən bu həbsxanada 20-50 nəfər arası məhbus edam edilir.

 Sənəddə o da bildirilir ki, edamlardan öncə məhbuslar Dəməşqin əl-Kabun rayonunda qurulmuş hərbi məhkəməyə çıxarılır və bu məhkəmələr əsasən bir neçə dəqiqə çəkdikdən sonra edam hökmü verilir və hökm dərhal icra edilir.

Köhnə hərbi məhkəmə hakiminin bildirdiyinə görə, bu məhkəmələrdə ittiham olunanlardan baş verən cinayətlərdə iştirak edib-etmədiyi soruşulur. Cavabın “hə”, yaxud “yox” olmasından asılı olmayaraq, ittiham edilən məhbusların edamı qaçılmazdır.

Təşkilatın hesabatında bildirilir ki, edam edildikdən sonra cəsədlər yük maşınına yığılaraq qeydiyyata alınmaq üçün Tişren hərbi xəstəxanasına gətirilir və oradan da bir hərbi əraziyə aparılıb kütləvi şəkildə ümumi qəbirlərdə basdırılır.

Amnesty International təşkilatı şahidlərin ifadəsinə əsasən Saydnaya həbsxanasında 5 il ərzində 5 minlə 13 min arasında insanın edam olunduğunu bildirir. 


Baxış sayı: 4169 | Tarix: 08.02.2017
Bizi Telegramda izləyin: @repostaz