Füzulidə beynəlxalq hava limanının inşa ediləcəyi açıqlanandan sonra bu sual əsas müzakirə mövzusuna çevrildi, hərçənd, cavablar çox da dərində deyil. 
 
- Niyə yeni hava limanı?
 
- Niyə Füzuli?
 
Bu iki sual kontekstində Azərbaycanın nə etmək istədiyini və niyə Füzulidə etdiyini anlamaq olar.
 
- Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan olundu;
 
- Bu il Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək;
 
- Bu tədbirlərə xarici qonaqlar da dəvət olunacaq;
 
- İl ərzində Füzuli hava limanının ən azı uçuş-eniş zolağı istifadəyə veriləcək;
 
Prezidentin açıqlamasından aydın olur ki, Şuşada beynəlxalq səviyyədə keçiriləcək mədəni tədbirlər bu il ərzində nəzərə tutulur və bunun üçün yeni hava limanı lazımdır. Sülhməramlıların nəzarət etdiyi ərazidə Xankəndi hava limanından istifadə edilməsi ən azından indiki dövrdə təhlükəsizlik baxımından əlverişli deyil: müharibənin yeni başa çatdığını nəzərə alsaq, heç kim mülki ermənilərin belə təxribat törədə biləcəyinə zəmanət verə bilməz; 
 
Bu baxımdan, Azərbaycan yeni hava limanının inşasına başlayır, il ərzində uçuş-eniş zolağı yaradılır və xarici qonaqların gəlişi daha asan və təhlükəsiz olur.
 
Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada mədəni tədbirlərin keçirilməsi və xarici qonaqların dəvət edilməsi “yumşaq güc” (soft power) diplomatiyasına hesablanıb: işğaldan azad edilmiş torpaqların xarici platformalarda təbliği; xarici investisiyanın cəlb edilməsi (xarici investorların əsas şərti təhlükəsizlikdir, mədəni tədbirlərin adətən təhlükəsizlik mühitdə keçirilməsi mümkün olur, Azərbaycan bununla bölgənin təhlükəsiz olduğunu nümayiş etdirəcək və bütün bunlar üçün infrastruktur – hava limanı, nəqliyyat yolu vacibdir); xarici qonaqların Şuşaya gətirilməsi ilə işğaldan azad olunan bölgələrin Azərbaycan ərazisi kimi ilk dəfə beynəlxalq ictimaiyyət qarşısında təqdimatı olacaq;
 
Mədəni kontekstdə bu, məsələnin görünən tərəfidir. Hərçənd, bir sual önə çıxır: 
 
- Xarici qonaqlar Bakıda da qəbul oluna və Şuşaya aparıla bilər, niyə Füzuli hava limanı?
 
Və hava limanı qərarının görünməyən tərəfinə diqqət çəkir: mümkün risklərə qarşı hərbi strategiya.
 
1. Mümkün risklərə qarşı hərbi qüvvələrin və yüklərin bölgəyə daha tez çatdırılması və hərbi texnikanın Şuşa istiqamətndə hərəkət etməsi üçün məhz Füzulidə hava limanına ehtiyac var;
 
2. Qarabağın cənub qapısı sayılan Füzulidə ordunun sürətli cəmləşməsi bütün bölgədə daha effektiv hərəkət etmək imkanını yarada bilər;
 
3. Füzulinin İranla sərhəd olduğunu nəzərə alsaq, bu, uzaq perspektivdə cənubdan ola biləcək təhdidlərə qarşı da vacibdir (Türkiyənin bölgəyə gəlişi regionun bütün oyunçularını məmnun etmir);
 
Bu, cari planda mümkün risklərə qarşı atılmış addımdır. Prezidentin “bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir” sözləri də deməyə əsas verir ki, hava limanının tam istifadəyə verilməsi gecikə bilər, amma bu il mütləq uçuş-enmə zolağı olacaq. 
 
Yeni müharibəyə hazırlıqdırmı? Xeyr, sadəcə olaraq, proses masada davam etdiyi vaxt Azərbaycan hərbi cəbhədə mümkün risklərə qarşı önləyici addımlar atır.
 
Bu kontekstdə dünən Türkiyədən Azərbaycana gələn 7 hərbi yük təyyarəsi diqqət çəkir: Füzulidə hava limanının olması – cari olaraq uçuş-enmə zolağının inşası qardaş ölkədən gələcək təyyarələrin birbaşa Qarabağa enməsinə də şərait yaradacaq.
 
Füzulidə hava limanının inşasının uzaq perspektivdə daha genişmiqyaslı hədəfi var: 
 
1. Azərbaycan-Türkiyə arasında yük daşımaları: yüklər hava limanına daha rahat şəkildə daşına və Naxçıvan dəhlizindən qardaş ölkəyə aparıla bilər, yaxud əks-marşrutla;
 
2. Çindən gələcək yüklərin Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə daşınması ilə yanaşı, Füzuli hava limanına gətirilməsi, Naxçıvan dəhlizi üzərindən Türkiyəyə, oradan da Avropaya çıxışı, yaxud əks-marşrut üzrə daşınması təmin edilə bilər;
 
Azərbaycan bununla həm də tranzit olduğu beynəlxalq daşımanın daha səmərəli olması üçün alternativ yollar da yaradır.
 
Bu, “Xankəndi (Xocalı) hava limanı Azərbaycanın nəzarətindən kənarda qalacaq” demək deyil.
 
- Qarabağın hava məkanı Azərbaycana məxsusdur, uçuşlar rəsmi Bakının icazəsi ilə mümkündür;
 
- Xankəndi hava limanı Azərbaycanın hava limanı olaraq İCAO-nun yenilənmiş reystrinə salınıb;
 
- Prezident açıqladı: Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi bizim üçün açıqdır; təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edir; nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq;
 
Asif Nərimanlı

Baxış sayı: 3713 | Tarix: 07.01.2021
Bizi Telegramda izləyin: @repostaz