Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli Moskva görüşü Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbənin siyasi müstəvidə daha da möhkəmləndirilməsi idi. Bu görüşün nəticəsi olaraq imzalanan 4 bənddən ibarət bəyanat 10 noyabrda imzalanan kapitulyasiya aktının icrası ilə bağlı mexanizmlərin hazrlanması və qısa müddət ərzində həyata keçirilməsini nəzərdə tuturdu.

Görüşün ən mühüm tərəflərindən biri də o oldu ki, Qarabağın statusu haqqında heç bir söz deyilmədi. Bu da Prezident İlham Əliyevin diktə etdiyi əsas şərtlərdən biri idi. Ümumilikdə görüşü Azərbaycanın növbəti qələbəsi kimi xarakterizə etmək olar.

Moskva görüşünü şərh edən Milli Məclisin deputatı Afət Həsənova Trend-ə bildirib ki, 10 noyabrdan sonra belə bir görüşün keçirilməsi labüd idi. Çünki 10 noyabr razılaşmasının icrasının davam etdirilməsi üçün yeni mexanizmlərin yaradılmasına, bir sıra məsələlərin dəqiqləşdirilməsinə ehtiyac var idi və bu, Azərbaycan üçün əhəmiyyət kəsb edirdi.

A.Həsənova vuğulayıb ki, bəyanatın digər əhəmiyyəti onunla bağlıdır ki, bəyanatda Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç nə yoxdur:

"Əsas diqqət nəqliyyat və kommunikasiya xətlərinin açılmasına yönəldilir. Bəyanatda Azərbaycan Prezidentinin indiyə qədər səsləndirdiyi fikirlər əks olunub".

Deputat vurğulayıb ki, Paşinyanın "status"la, münaqişənin hələ bitməməsi haqda fikirləri isə sadəcə olaraq daxili auditoriyanı sakitləşdirməyə yönəlmişdi:

"Reallıqda isə status barəsində heç nə yoxdur, əsas məsələ birgə bəyanatdır və orada da Paşinyanın yox, İlham Əliyevin dedikləri əks olunub".

Deputat bildirib ki, ermənilər artıq xəyallarla deyil, reallıqlarla yaşamalıdırlar, onlar münaqişənin bitməsi ilə razılaşıb öz iddialarından əl çəkməlidirlər: "Ermənilər anlamalıdırlar ki, onlar haqlı deyillər, bütün beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir, Azərbaycan beynəlxalq qanunlar çərçivəsində tanınan ərazi bütövlüyünü təmin edib və bu, ölkəmizin tam hüququdur.

Ermənilər ilk öncə ölkə daxilindəki dərin böhran vəziyyətinə baxmalı və başa düşməlidirlər ki, onları bu vəziyyətə salan məhz elə işğalçılıq siyasətidir. Azərbaycan ərazilərini 30 ilə yaxın müddət ərzində işğalda saxlamaq Ermənistana heç bir fayda gətirmədi, əksinə Ermənistanı uçuruma sürüklədi. Artıq münaqişə bitib, müzəffər Azərbaycan ordusu torpaqlarımızı azad edib və bir daha kimsəyə imkan verməz ki, torpaqlarımızı zəbt etsin".

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, üçtərəfli Moskva görüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır və bu bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir. Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir:

"Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq.

Həmçinin, Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək".

Deputat Azər Badamov isə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü Azərbaycanın milli maraqlarına cavab verir və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın dəqiqliklə həyata keçirilməsinə hesablanıb.

Deputat bildirib ki, düzdür, 10 noyabr bəyanatında çoxlu məsələlər öz əksini tapmışdı, amma bəyanatın bütün bəndlərinin tam icrası üçün 11 yanvarda keçirilmiş üçtərəfli görüşün və 4 bənddən ibarət imzalanmış növbəti üçtərəfli bəyanatın böyük tarixi əhəmiyyəti var:

"Əvvəlcə onu qeyd edim ki, dünənki görüş və üçtərəfli növbəti bəyanatın imzalanması onu göstərir ki, tərəflər 10 noyabrda imzalanmış sənədin icrasına və regionda davamlı sülhün bərqərar olunmasına hazırdır. Çünki davamlı sülh əldə olunmadan heç bir iqtisadi əməkdaşlıqdan danışmaq olmaz. Ona görə də keçirilmiş üçtərəfli görüş ilk növbədə regionda ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmasına, davamlı sülhün əldə olunmasına və nəticədə iqtisadi əməkdaşlığın genişləndirilməsinə hesablanıb.

Görüşdəki çıxışında Prezident İlham Əliyev dedi: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələsini necə həll etmək və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

Deputat Müşfiq Cəfərli isə bildirib ki, yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşdə regionun perspektivliyi və inkişafı baxımdan vacib olan qarşılıqlı anlaşma əldə olunub:

"Ümumiyyətlə, görüşün əsas məqsədi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişi, mövcud problemlərin aradan qaldırılması və regionda dinc həyatın qaydaya salınmasına dair məsələlərin müzakirəsi olub. Bu görüş Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Əsas məsələ regionda kommunikasiyaların açılması idi və hər bir tərəfin bu məsələdə öz maraqları var.

Düşünürəm ki, ölkəmiz üçün vacib məqamlardan biri də odur ki, həm Naxçıvanla əlaqələr bərpa ediləcək, həm də Türkiyə-Orta Asiya iqtisadi yolunun əsas logistik mərkəzi Azərbaycan olacaq. Yəni açılacaq kommunikasiya xətləri "Şərq-Qərb" nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq.

Qeyd edim ki, Ermənistanın tarixi şansı məhz bu müharibədəki məğlubiyyəti oldu, iqtisadi və logistik blokadadan çıxmağına şərait yarandı. Ermənistanın dünyaya açılmağının yolu Türkiyədir, Türkiyə ilə yaxınlaşmanın yolu isə Azərbaycanla olan qonşuluq münasibətlərindən asılıdır. Artıq bütün problemləri arxada qoyub reallığı qəbul etmək erməni xalqının tək xilas yoludur.

Regionun əsas güc dövləti olan Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Azərbaycan bu görüşdə də öz milli maraqlarını sonacan qorudu, 10 noyabr razılaşmasına zidd heç bir şərti qəbul etmədi".


Baxış sayı: 4188 | Tarix: 14.01.2021
Bizi Telegramda izləyin: @repostaz