Rusiyanın paytaxtı Moskvanın Puşkin meydanında keçirilən aksiyada nümayişçilər ilə polis arasında qarşıdurma olub.
 
RePost.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, polis aksiya iştirakçıları və çəkiliş aparan jurnalistlərə qarşı zor tətbiq edib.
 
İlkin məlumata görə, insident nəticəsində bir neçə nəfər yaralanaraq meydandan çıxarılıb.
 
Qeyd edək ki, mitinqə Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da qoşulub. O, az öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 
Bu gün bütün ölkəboyu keçirilən mitinqlərdə polis tərəfindən saxlanılan dinc nümayişçilərin sayı minə yaxındır. Nümayişlər davam edir.
 
Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.
 
A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 70 milyona yaxın izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin ABŞ-ın Nyu-York, Avropanın Paris və Amsterdam, İsrailin Təl-Əviv şəhərlərində kütləvi mitinqlər planlaşdırılıb.

Baxış sayı: 4739 | Tarix: 23.01.2021
Bizi Telegramda izləyin: @repostaz