Dövlət Nəzarəti İnformasiya Sisteminin tətbiqi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında dövlət nəzarətinin təşkili və icra intizamının təmin edilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsinə xidmət edir.
RePost.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Dövlət Nəzarəti İnformasiya Sisteminin iş Qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası İnformasiya sistemi üzərində sahiblik və istifadə hüququnu həyata keçirir, qanunvericiliyə müvafiq qaydada İnformasiya sisteminin aparılmasını təmin edir.
Sistemin iştirakçıları informasiya sisteminə informasiya daxil etmək və göndərmək, həmçinin informasiya əldə etmək imkanı verilmiş dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər dövlət qurumları, operator Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, informasiya təhlükəsizliyi üzrə operator Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir. Elektron kabinet iştirakçının bu Qayda ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, yalnız elektron imza vasitəsilə eyniləşdirilməklə, İnformasiya sisteminə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir.