Ermənistanda baş nazir Nikol Paşinyanla generallar və Müdafiə Nazirliyinin rəhbərliyi arasında kəskin ixtilaf, anlaşılmazlıq yaşanır.
 
Müdafiə Nazirliyinə yollanan N.Paşinyan orada generallarla görüşüb.
 
Görüş əvvəlcədən planlaşdırılan kimi olmayıb.
 
İrəvanda çıxan "Hrapark" qəzetinin yazdığına görə, geniş heyətlə müzakirələrdən sonra müdafiə nazirinin müavinin ortağına bir neçə general toplaşıb. Paşinyan onların qarşısında çıxış edərkən 44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyətinə görə Müdafiə Nazirliyinin rəhbərliyini suçlayıb.
 
Bundan sinirlənən Baş Qərargah rəisi Onik Qasparyan etiraz edib, söyüb və qapını çırparaq otaqdan çıxıb.
 
Qasparyanı dilə tutaraq geri qaytarıblar.
 
 
 
Müdafiə naziri Vaqarşak Harutyunyan çıxış etməyə başlayıb və N.Paşinyana üz tutaraq nazirlikdəki situasiyaya tam nəzarət etdiyini deyib. O, O.Qasparyanı "düşünülməmiş davranış"a görə sərt tənqid edəndə generalallar qeyzləniblər və "Oturun yerinizə, siz heç nəyi həll etmirsiniz" söyləyiblər.
 
Ara qarışıb, əsəblər tarıma çəkilib.
 
Naçar qalan N.Paşinyan səbəbkarı olduğu münaqişəni çözməyə, dalaşmağa hazırlaşanları sakitləşdirməyə çalışıb.
 
O, generalların demarşına görə qisas almaq fikrinə düşüb.
 
Görüşü tərk edərək iqamətgahına yollanan N.Paşinyan Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyindəki bir neçə generala qarşı cinayət işlərinin başlanmasına göstəriş verib.
 
İlk cinayət işi "Patron Davo" kimi tanınan silah alverçisi David Qalstyanla bağlı olub. Qalstyan saxlanandan sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı videobəyanatda onun "Müdafiə Nazirliyinin rəhbərliyində bir neçə şəxslə əlbir olması" vurğulanıb.
 
İrəvanda baş nazirlə generallar arasında qarşıdurma alovlanarkən Qarabağdakı situasiya Ermənistan Müdafiə Nazirliyini daha da pərişan edib.
 
Belə ki, Dağlıq Qarabağdakı terrorçu xuntanın "silahlı qüvvələri"nin tamamən buraxılmasına qərar verilib. Yəni rusiyalı sülhməramlıların operativ nəzarətindəki ərazilərdə Xankəndindəki terrorçu rejim "ordu" saxlaya bilməyəcək.
 
Qarabağlı separatçıların "ordu"sunun əvəzinə həmin ərazilərdə yerli ermənilərdən ibarət polis fəaliyyət göstərəcək.
 
Polis isə silahlı qüvvələr deyil. Silahlı qüvvələr zirehli texnika, hava hücumundan müdafiə, artilleriya, tanklar deməkdir. Polis isə tapança, dəyənək, maksimum güllə darağı ayrıca saxlanan avtomatdır.
 
Polisin sərhədləri və ya dövlətçiliyi qorumaq funksiyası da yoxdur.
 
 
 
Qarabağdakı separatçıların yaratmaq niyyətində olduqları yeni strukturun "Polis", "Milis" və ya "Jandarm" adlandırılacağı hələ bəlli deyil.
 
Eyni zamanda, Qarabağda rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə hava hüumundan müdafiə sistemləri də bütünlüklə Ermənistana daşınmağa başlayıb.
 
Yaxın müddətdə Qarabağ ərazisində ermənilərin, ümumiyyətlə, HHM sistemləri olmayacaq.
 
Bu isə qarabağlı ermənilərlə bahəm, Ermənistanın və dünya ermənliyinin "Qarabağın statusu" adlı idefiksinin məhv olmasına daha bir sübutdur.

RePost.Az

Baxış sayı: 4093 | Tarix: 03.02.2021
Bizi Telegramda izləyin: @repostaz