Müharibənin ağır girdabından heç cürə çıxa bilməyən Ermənistanda hakimiyyət uğrunda gedən savaşın miqyası getdikcə böyüyür. Qarabağ klanının cəhdlərinin nəticəsiz qaldığı bildirilsə də, Ermənistandan bir çox qüvvələrin verdiyi bəyanatlar məhz həmin klanın məqsədinə qulluq edir. Lakin bir hədəfi də Azərbaycan cəmiyyəti olan belə bəyanatlar təkcə Ermənistandan səsləndirilmir. Nə yazıq ki, 44 günlük müharibə nəticəsində 27 ildən artıq müddətdə əsas silahlarına çevrilən Qarabağ kartı əllərindən alınan antimilli qüvvələr bu gün yenidən fəallaşıblar.
Uzun illər işğal altında qalan 20%-dən artıq torpağımızın faktiki 16%-ni işğaldan azad etmişik. Ali Baş Komandan yerdə qalan ərazilərimizin əldə olunması istiqamətində müxtəlif pressinqlər həyata keçirir ki, bunun da nəticəsini görmək üçün uzun zamana gərək olmayacaq kimi görünür. Necə ki, 3 rayonumuzu, Kəlbəcər, Ağdam və Laçın bir güllə atmadan, bir şəhid vermədən Ordumuzun gücü, Prezidentin iradəsi, qətiyyəti hesabına geri qaytardıq, indi də növbə Xankəndi, Xocalı və digər 4% torpağımızdadır. Lakin arqumenti Vətən müharibəsi ilə əlindən alınan radikal müxalifət bu gün də öz çirkin fəaliyyətindən geri qalmır, öz ağalarının tapşırığı ilə Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmağa çalışır, mahiyyətinə varmadan sülhməramlılarla bağlı əsassız şayiələrin ucundan tutub Azərbaycanın uğurlarına, ərazi bütövlüyünün bərpasına kölgə salmaqla sanki öz fəaliyyətlərini Ermənistan hərbi-siyasi rəhbərliyi ilə razılaşdırırlar. Amma müxalifətin radikal qanadının yaratdığı "milli şuranın" Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyil. O da heç kimə sirr deyil ki, təxminən 30 il bundan əvvəl indiki "milli şurada" cəmləşən insanların təmsil olunduğu hakimiyyətin bağışlanmaz səhvləri nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə layiqli müqavimət göstərilmədi, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğal edildi. Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etmək əvəzinə hakimiyyətdaxili çəkişmələri qızışdıran, ölkədə separatizmin alovlanmasına rəvac verən məsuliyyətsiz siyasət yürüdən, milli birliyi təmin edə bilməyən, ölkədə xaos və anarxiya yaradan və bu səbəblərdən bütünlüklə iflas olan AXC-Müsavat hakimiyyəti son anda ölkəyə daha bir ağır zərbə vurdu, hakimiyyət böhranını daha da dərinləşdirdi. Amma bu gün vəziyyət başqadır. Məhz dövlət idarəçiliyində yeni mərhələnin başladığı Azərbaycanda xalq-iqtidar birliyi 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən biri oldu. Lakin bu gün adi bir müxalifət partiyasının sədri olmasına rəğmən, özünü bütün müxalifət partiyalarının "lideri" kimi görən və təqdim edən Əli Kərimlinin bu dəfə cəbhəçi eks-prezident Əbülfəz Elçibəyin müdafiəsinə qalxması qəribə olduğu qədər də gülüncdür. Yəqin ki, Əbülfəz Elçibəyin rəhbərlik etdiyi partiyanın rəyasət heyətinin 19 nəfər üzvündən bir tək Əli Kərimlinin özünün qaldığından xəbərdardır.
İrəvandakı Siyasi-İqtisadi Araşdırmalar İnstitutunun direktoru Andranik Tevanyanın "Ermənistanda Elçibəy dövrü başlanıb" sözləri də Azərbaycanda AXC lideri, mərhum Əbülfəz Elçibəyin prezident olduğu dövrdəki anarxiya, başıpozuqluq, hərc-mərclik, dövlət idarəetmə institutlarının faktiki olaraq iflic durumuna düşməsi və işləməməsi, rayonlarımızın ermənilərə xəyanət və satqınlıq nəticəsində peşkəş edilməsinə işarədir. Görünür, heç də təsadüfi deyildir ki, bir çox erməni siyasətçiləri və adi insanlar ölkənin indiki baş naziri Paşinyanı Ermənistanın Elçibəyi adlandırırlar. Bu həm də ona işarədir ki, düşmən də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal olunmasında AXC-Müsavat hakimiyyətinin cinayət xarakterli "xidmətlərinin" xüsusi rol oynadığını etiraf edir.
Xəyanət hekayəsi Əliheydər Qarayevlə eynilik təşkil edən (1920-ci ildə Rusiyaya müraciət edib ki, rus qoşunları Azərbaycana gəlsin) Əli Kərimli, öz liderinə xəyanət etmiş, dövlətinə xəyanət etmiş şəxs kimi tarixin yaddaşında qara hərflərlə qalacağını təxmin etməlidir. Bu baxımdan o, yalnız Əliheydər Qarayevlə müqayisə oluna bilər. Çünki 2013-cü ildə də Əli Kərimli Rusiya rəhbərliyinə müraciət edib ki, ölkəmizdə Rüstəm İbrahimbəyovun prezident seçilməsinə kömək etsin, dayaq olsun. Əli Kərimli bu imdadı Rusiyadan umub, "Milli Şura"nın Rusiyaya etdiyi müraciətin altında Əli Kərimlinin imzası var. Bu, dövlətə, millətə olunan xəyanətdir.
RePost.Az / milli.az