Azərbaycanda əsirlikdə olan livanlı erməni qadın geri qaytarılıb.
RePost.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan özünün “Facebook” səhifəsində Maral Nacaryanın Beyrutdakı evinə qayıtdığını bildirib.
Məlumata görə, M. Nacaryanın əsirlikdən buraxılmasında Rusiyanın rəsmi şəxsləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Livan bölməsi xüsusi rol oynayıb.
Bundan başqa, M. Nacaryanın azad edilməsi ilə Avropa İnsan Haqları Məhkəməsi də məşğul olub.
Həm Livan, həm də Ermənistan vətəndaşı olan M. Nacaryanın noyabrın 10-da Laçında əsir düşdüyü bildirilir.
Məlumata görə, ötən il avqustun 4-də Beyrut limanında baş verən güclü partlayışdan sonra o, bacısı ilə Ermənistana gəlib. Onlar Qarabağda yaşamaq arzusunda olduqlarını bildiriblər. İşğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasəti yürüdən Ermənistan onların bu arzusunu nəzərə alıb, bacıları Şuşadakı otellərdən birində yerləşdirib. Bacılar məskunlaşacaqları yaşayış binası hazır olana qədər oteldə yaşamalıymış.
Lakin müharibənin başlanması onların planını yarımçıq qoyub. Müharibə başlayandan sonra bacılar Ermənistanın Gorus şəhərinə gedib.
Erməni tərəfi M. Nacaryan və bacısının noyabrın 10-da əşyalarını götürmək üçün Şuşaya qayıdarkən itkin düşdüyü barədə məlumat yayıb.
Lakin Ermənistan M. Nacaryan haqqında hər nə qədər əzabkeş obrazı yaratmağa çalışsa da, onun dinc sakin olduğunu iddia etsə də, əslində, qadının snayper olduğu barədə məlumatlar var. M. Nacaryanın snayper kimi Qarabağda döyüşlərə qatıldığı və Azərbaycan Ordusuna qarşı vuruşduğu bildirilir.