Həbsdə olan Güney Azərbaycanlı milli siyasi fəal Əlirza Fərşi haqqında ədalətsiz qərar çıxarılıb.
 
RePost.Az GünAz.Tv-yə istinadən xəbər verir ki, bu barədə Əlirza Fərşi ailəsi ilə telefon danışığı zamanı məlumat verib. 
 
Onun sözlərinə görə, martın 31-də Tehran şəhərinin İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə keçirilən məhkəmə iclasında barəsində onun barəsində 50 ay həbs cəzasının çıxarıldığı elan olunub.
 
Qeyd edək ki, dünən saat 10-da öncədən xəbər verilmədən və vəkilinin iştirakı olmadan onun məhkəmə iclası keçirilmişdi.
 
Ə.Fərşinin ailə üzvlərinin yaydıqları ona məxsus səs yazısında İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən İslam Cəza Qanununun 610-cu maddəsinə istinadən “ölkə təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il 6 ay, eyni qanunun 500-cü maddəsinə istinadən “sistemə qarşı təbliğat” ittihamı ilə 8 ay həbs cəzasına məhkum olunduğu deyilir.
 
Bununla yanaşı məhkəmə "keçmişdə cinayət törətdiyinə" görə onu 2 il müddətinə ictimai fəaliyyətlərdən, partiya və qruplara üzv olmaqdan məhrum edib. Onun haqqında 2 ay hər gün 4 saat olmaqla Tehran bələdiyyəsində icbari işə cəlb olunmaqla bağlı qərar çıxarılıb.
 
Əlirza Fərşi vəkilinin iştirakı olmadan və barəsində yeni açılan cinayət işinin məzmunundan xəbərsiz, 5 dəqiqə sürən məhkəmə iclasına şifahi etirazını bildirib və bunu “səhra məhkəməsi” adlandırıb.
 
Siyasi məhbusun yayılan səs yazısında o bildirir ki, İran məhkəmə sisteminə görə, Azərbaycanın ucqar kəndlərində türk dilində kitablar paylamaq “sistemə qarşı təbliğat aparmaq” və siyasi məhbusların, o cümlədən Abbas Lisaninin şəkillərini yaymaq “ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” deməkdir.
 
Qeyd edək ki, hal-hazırda Tehran həbsxanasında iki illik həbs cəzasını çəkən Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etdiyi üçün digər milli fəallarla birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. 
 
Bir neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.
 
 
Fərşi 2016-cı ildə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən "İranın milli təhlükəsizliyini pozmağa qəsd məqsədilə qruplaşmada iştirak etmək" ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilmişdi.
 
Bu cəza daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Baxış sayı: 3162 | Tarix: 01.04.2021
Bizi Telegramda izləyin: @repostaz