"İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycana qarşı düşmənçiliyinin əsas səbəbi Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsindəki böyük qələbəsi ilə bağlıdır".
 
Bunu report-a açıqlamasında Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi deyib.
 
Onun sözlərinə görə, SEPAH işğal dövründə Azərbaycanın Cəbrayıl rayonu ərazisində narkotik maddələrin saxlanılması və tranziti məqsədilə anbar da yaratmışdı.
 
"İllərdir oraya beynəlxalq alverçilər tərəfindən narkotiklər gətirilirdi. Əvəzində beynəlxalq sanksiyalara görə İran İslam Respublikasının təmin edə bilmədiyi ehtiyacların bir hissəsini beynəlxalq qaçaqmalçılar vasitəsilə ödəmək istəyirdilər. Yaxud eyni qaçaqmalçılar tərəfindən başqa ölkələrdəki müvəkkilləri üçün, o cümlədən Yəmən husiləri üçün qaçaq silah hazırlayırdılar.
 
44 günlük Vətən müharibəsindən sonra bu qeyri-qanuni imkan SEPAH-ın əlindən çıxıb və deyilənə görə İran İslam Respublikası hazırda öz müvəkkillərinə maliyyə yardımı, eləcə də silah verməkdə çətinliklərlə üzləşib. İşğaldan azad olunmuş ərazilərdə SEPAH-ın qeyri-qanuni fəaliyyəti üçün imkanların aradan qalxması onun Azərbaycan Respublikası ilə düşmənçiliyinin əsas səbəblərindən biridir", - M.Rəzmi vurğulayıb.
 
Qeyd edək ki, Maşallah Rəzmi hazırda Fransada mühacir həyatı yaşayır.

Baxış sayı: 20357 | Tarix: 30.01.2023
Bizi Telegramda izləyin: @repostaz