Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir. Ölkəmiz çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib. Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 1600 cəsəd Ermənistan tərəfinə təhvil verilib.
 
RePost.Az xəbər verir ki, bu sözləri mayın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
“Rusiyanın rolunu və fəaliyyətini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndiririk”, - deyən nazir bildirib ki, Ermənistan tərəfi sülh prosesini pozmaqda davam edir. Onların mövqeyi bölgədəki vəziyyətin normallaşmasına xidmət etmir. 2020-ci ilin sonunda Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə soxularaq hərbçiləri və mülki şəxsləri öldürməsi əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması faktıdır. Ermənistan Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir.
 
Nazir Ceyhun Bayramov xatırladıb ki, erməni tərəfi hələ də minalanmış ərazilərin xəritələrini təqdim etmir və eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən imtina edir.
 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da 10 noyabr sazişinin əməl olunmasının vacibliyini dilə gətirib.
 
“Bizim ümumi fikrimiz budur ki, gələcəkdə normallaşmanın həyata keçirilməsi üçün ötən ilin noyabrın 10-da imzalanan bəyanatın şərtlərinə əməl olunsun. Bütün vacib məsələlərin həllinin əsas şərti hərbi münaqişənin tam dayandırılmasıdır. Bizim hərbçilərimiz azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq edirlər. Ərazidəki iqtisadi münasibətlərin bərpası Cənubi Qafqazın inkişafına təkan verəcək”, - deyə S. Lavrov vurğulayıb.
 
O qeyd edib ki, Azərbaycan BMT-də Rusiyanı müdafiə edir, dəstəkləyir: “Biz Azərbaycan tərəfinə Qoşulmama Hərəkatında müşahidəçi olmaqda bizə kömək göstərdiyinə görə təşəkkür edirik”.

Baxış sayı: 4055 | Tarix: 11.05.2021
Bizi Telegramda izləyin: @repostaz