Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən gecə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycanla sərhədin Sünik istiqamətində yaşanan gərginliklə bağlı kömək xahiş etməyib. Putinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə bildirib.
Jurnalistlər Peskova Paşinyanın Putindən hərbi kömək istəyib-istəmədiyini soruşmuşdular.
“Prezident Putin üçtərəfli razılaşmaların bəndlərinin yerinə yetirilməsinin vacibliyini xüsusi qeyd edib. Və hər şeydən əvvəl atəşin dayandırılmasının zəruriliyi barədə bənddən söhbət gedir”,-Peskov deyib.
Erməni tərəfi isə Paşinyanla Putin arasında telefon danışığına dair Kremldən fərqli, təhrif edilmiş məlumat yayıb. Həmin məlumatda iddia edilir ki, Putin guya Azərbaycan qüvvələrinin Qaragöl ətrafında tutduqları mövqelərdən geri çəkilməli olduğu haqda Paşinyanla “həmrəylik ifadə edib”. Kremlin yaydığı məlumatda isə belə “həmrəylik” barədə söhbət açılmır.
Xatırladaq ki, Azərbaycan sərhədçiləri qarın əriməsi və hava şəraitinin imkan yaratması nəticəsində Laçın rayonunun Ermənistanla sərhədində, yüksək dağlıq ərazilərdə yerləşən Qaragöl Dövlət Qoruğunun ərazisini nəzarət altına alıblar. Erməni tərəfi isə gölün bir hissəsinin ona aid olduğunu iddia edərək bunu “Ermənistan ərazisinə müdaxilə” adlandırır.