Deputat Eldəniz Səlimov Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
 
RePost.Az-ın xəbərinə görə, bu barədə YAP Xaçmaz rayon təşkilatından məlumat verilib.
 
Bildirilib ki, YAP Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov YAP üzvlüyündən xaric edilib.
 
Qeyd edək ki iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
 
Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
 
Bu gün Milli Məclisin İntizam Komissiyası Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimatına rəy verib və məsələ Milli Məclisin sabah keçiriləcək plenar iclasın tövsiyə edilib.

Baxış sayı: 4587 | Tarix: 02.08.2021
Bizi Telegramda izləyin: @repostaz