Azərbaycan Türkiyəyə əlavə yanğınsöndürən heyəti göndərəcək.
 
RePost.Az-ın xəbərinə görə, avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
 
Dövlət başçısı qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları nəticəsində insanların həlak olması ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana bir daha başsağlığı verib. Prezident İlham Əliyev yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirdi və həmrəyliyini ifadə edib.
 
Prezident Rəcəb Tayyib Ərdoğan başsağlığına və meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb. .
 
Prezident İlham Əliyev əlavə 40 ədəd yanğınsöndürən maşının artıq yola çıxdığını və sabah yanğın zonasına yetişəcəyini qeyd edərək, ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını bildirib.
 
Dövlət başçısı yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
 
Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib.

Baxış sayı: 4682 | Tarix: 06.08.2021
Bizi Telegramda izləyin: @repostaz