ABŞ əsgərləri Kabil hava limanında təhlükəsizlik sahəsində insidentlər qeydə alsalar da, döyüşlərdə iştirak etməyiblər.
 
RePost.Az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən Pentaqon rəsmisi “CNN” telekanalına bildirib.
 
Onun sözlərinə görə, ABŞ ordusu atəş açmayıb və atəşə məruz qalmayıb. O, həmçinin hava limanının təhlükəsizliyini təmin edən türkiyəli əsgərlərin də döyüşdə iştirak edib-etməməsi barədə məlumatsız olduğunu deyib.
 
Pentaqon nümayəndəsi qeyd edib ki, təxminən 3 min ABŞ əsgəri hazırda Əfqanıstandadır, əlavə qüvvələr isə ya yoldadır, ya tezliklə Kabil hava limanına göndəriləcək.

Azərbaycan Müdafiə Nazirliyindən isə RePost.Az-a bildirilib ki, Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
 
"Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir", - deyə məlumatda bildirilir. 
 
 

Baxış sayı: 5499 | Tarix: 16.08.2021
Bizi Telegramda izləyin: @repostaz