Putin Paşinyanla telefonda Qarabağı və sərhəddə baş verənləri müzakirə edib.
 
Əsas sual: Putini gecəyarısı Paşinyanla təmas qurmağa vadar edən nədir? 
 
Rusiya prezidentinin Gorus-Qafan yolunun açılmasından sonra erməni baş nazirə zəng etməsi mümkün versiyanı önə çıxarır: rusların vasitəçiliyi ilə iki gün davam edən danışıqlarda Bakının irəli sürdüyü tələblər bilinəndən böyükdür;
 
Danışıqların iki nəticəsinin olduğu haqda məlumatlar var: Azərbaycan yolda keçid məntəqəsi qurur; Ermənistan yolun 21 kilometrliyi, eləcə də Çayzəmi və Eyvazlı kəndlərini Azərbaycan ərazisi olaraq tanıyır;
 
İlkin nəticə Bakı ilə yanaşı, Moskvanı da qane edir, çünki problem həllini tapdı, xüsusilə rusların vasitəçiliyi ilə. Və Putinin bir keçid məntəqəsinə görə gecəyarısı (Moskva saatı ilə 23:45-də rəsmi məlumat yayılıb) Paşinyana zəng etməsi heç də inandırıcı deyil.     
 
Görünür, Bakı iki gün davam edən danışıqlarda ilkin nəticənin əldə edilməsi ilə yanaşı, digər tələbləri ilə bağlı vədlər aldığı üçün bloklamanı aradan qaldırıb.
 
1. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin sürətlənməsi;
 
2. Üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının sürətlənməsi: bura Zəngəzur dəhlizində işin başlanması ilə yanaşı, son günlər Bakının israrla gündəmə gətirdiyi erməni qoşunların Qarabağdan çıxarılması da daxildir;
 
Putin-Paşinyan təması bununla bağlı ola bilər və Moskvanın son günlər Bakıdan aldığı siqnallardan narahat olduğunu deyə bilərik:
 
- Rusiya sülhməramlılarına Prezident səviyyəsində açıq etirazın bildirilməsi;
 
- Əliyevin əvvəlkindən fərqli olaraq, Rusiyanı Azərbaycanın tərəfdaşı yox, qonşusu adlandırması;
 
- Laçın dəhlizi boyunca vizual nəzarətin gücləndirilməsi;
 
- Qarabağda anti-terror əməliyyatı ilə bağlı mesajların verilməsi: Müdafiə Nazirliyi ermənilərin qanunsuz postlarının istiqamətlərinə işarə vurmuşdu; 
 
Və nəhayət, Qafan-Gorus yolunun bağlanması: Bakı bununla Rusiyaya da ata biləcəyi addımları əməli şəkildə göstərdi;
 
Moskva anlayır ki, Bakının istəkləri yönündə prosesi sürətləndirməsə, vəziyyət nəzarətdən çıxa bilər və bu, həm Rusiyanın vasitəçilik missiyasını riskə atır, həm də Azərbaycanı ondan uzaqlaşdırır.
Putinin Paşinyanın ardınca Əliyevlə də təmasa keçəcəyi gözləniləndir və belə demək mümkünsə, “bütün yollar Moskvaya aparır”: Rusiyada üçtərəfli görüşün olacağı ehtimalı böyükdür;
 
İstisna deyil ki, belə bir masanın qurulması zərurətini artıran proseslər də baş versin, həm Qarabağda, həm də sərhəddə...
 
Asif Nərimanlı

Baxış sayı: 4511 | Tarix: 28.08.2021
Bizi Telegramda izləyin: @repostaz