Bu gün Ballıqaya faciəsindən 29 il ötür.
 
Ermənilər 1992-ci il avqustun 28-də Laçın rayonundan olan 7 ailənin 24 nəfər üzvünü Goranboyun Ballıqaya kəndində yerləşən Gülüstan meşəsi adlanan ərazidə bir gecədə qətlə yetirib. Yaylaqda məskunlaşdıqları alaçıqda (çadırda) səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin yaratdığı diversiya qrupunun 9-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. Nəticədə dinc sakinlərdən 24 nəfər xüsusi amansızlıqla qətlə yetirilib, 9 nəfər isə yaralanıb.
 
Ermənilərin 20-ci əsrin sonlarında reallaşdırdığı soyqırım siyasəti əvvəlcə Xocavənd rayonunda Qaradağlı faciəsi ilə başlamışdı. Ardınca bəşər tarixinə əsrin faciəsi kimi yazılan 26 fevral Xocalı soyqırımı ilə davam etmişdi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Goranboyun Ballıqaya yaylağında baş verdi.
 
Ballıqaya faciəsində 6 uşağını, bir həyat yoldaşını itirən Vəzir Hümbətov Trend-ə açıqlamasında bildirib ki, 1992-ci il mayın 17-də Laçın şəhəri işğal olunduqdan son ucqar kəndlərdə yaşayan laçınlı ailələr yavaş-yavaş evlərini tərk etməyə başlamışdı. Yaxın qohumluq münasibətləri olan 7 ailənin ümumilkdə təkcə 460 baş xırdabuynuzlu heyvanı olduğu üçün heyvanları çadır qurub yaylaqda saxlamaq məcburiyyətində qalıblar. V.Hümbətov digər qohumlardan olan kişilərlə məskunlaşmaq üçün Bərdə rayonuna yer axtarmağa gəlib. Geri qayıdanda isə ermənilərin bütün alaçıqları gülləboran etdiyini, onun ailəsi yaşayan tikilini isə uşaqları güllələdikdən sonra yandırdığını görüb. V.Hümbətov yanan tikilidəki kül qalığının altından həyat yoldaşı Hümbətova Hürzaman Qara qızının və övladları Hümbətov Bəxtiyar Vəzir oğlu, Hümbətov Canpolad Vəzir oğlu, Hümbətov Elçin Vəzir oğlu, Hümbətov İsmayıl Vəzir oğlu, Hümbətov Nəbati Vəzir oğlu, Hümbətova Gülnar Vəzir qızının sümüklərini toplayaraq gətirib Ağdam rayonunun Güllücə kənd məzarlığında dəfn edib. 29 ildir əzizlərinin məzarını ziyarət edə bilməyən Vəzir Hümbətov bu il ilk dəfə bir məzarda dəfn etdiyi 7 əzizinin qəbrini ziyarət edib. Bu səbəbdən də Vəzir Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür edir.
 
Deyir ki, ailəsi və yaxınlarını bir gecədə qıran erməni terroçularının qisası qiyamətə qalmadı. Və həm ana vətəni, həm də əzizlərini dəfn etdiyi Ağdam rayonu işğaldan azad olunub.
 
Ermənilərin hücum etdiyi gecə Sahib və Binnət Mehdiyev qardaşları isə Gəncə şəhər xəstəxanasında olublar. Onlarda geri qayıdan gün ailəsindən 6 nəfərin qətlə yetirildiyini görüb. Bir ailədən olan 62 yaşlı Hümbət Mehdiyev, onun həyat yoldaşı, 57 yaşlı Qənirə Mehdiyeva, övladları, 31 yaşlı Fikrət, 25 yaşlı Ayna, 19 yaşlı Mehdi, 33 yaşlı gəlini Bəyim də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib.
 
Həmin gün 8 nəfərlik ailədən cəmi 3 nəfər sağ qalmışdı. O gündən sonra Sahibin bacısı ailə qurmayıb. Deyirlər özünü döyməkdən iflic edib. Sahib isə evlənib və bir qızı, bir oğlu var. Həmin gün həyat yoldaşı Bəyimi itirən Binnət sonrakı illərdə ailə qurub. Onların bir daha övladları olmayıb.
 
Ballıqaya faciəsini yaşayan və bu gün Bərdənin "Xam Torpaq" adlanan ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yaşayan ailələrdən biri də Yunis Mehdiyevdir. Yunis Mehdiyev həmin gecə 4 nəfər ailə üzvünü - 67 yaşlı anası Gülayə Mehdiyeva, 39 yaşlı qardaşı Rəhbər, onun həyat yoldaşı Nübar Kəlbalıyeva və bacısı 36 yaşlı Sürəyya erməni vəhşiliyinin qurbanı olub. Ermənilərin çadırları mühasirəyə alıb atəşə tutduğunu görən valideynlərin hər ikisi özünü körpələrinin üstünə atıb. Bədənləri güllə yarasından deşik-deşik olan Rəhbər və Nübar 3 körpəsini qoruya bilib. Uşaqların hər 3-ü də güllə yarası alıb. Lakin çadıra girən ermənilər meyitlərin altında yaralı və qan içində olan uşaqların qısa vaxtda öləcəyini düşünüb oranı tərk edib. Hadisə yerinə gələn Azərbaycanlı polis və hərbçilər uşaqların sağ qaldığını görüb onları xəstəxanaya yerləşdiriblər.
 
Yunis şəhid qardaşı Rəhbərin yetim qalan 3 övladı Lamiyə, Elxan və Məhəmmədə sahib çıxıb və onları böyüdüb.
 
Soyqırım qurbanlarından 3-ü, 1934-cü il təvəllüdlü Abdulla Abdullayev, 30 yaşlı oğlu Fərman və 19 yaşlı qızı Səadət Bərdənin Qaradəmirçi kənd məzarlığında dəfn olunub.
 
60 yaşlı Minarə Alməmmədova, onun iki qız övladı, 20 yaşlı Zeynəb və 16 yaşlı Kəmalə də həmin gecənin qurbanlarındadır. Onlar Bərdə rayonunun Tumaslı kənd məzarlığında dəfn olunub.
 
Yunis və Sahibin ailə üzvləri, 10 nəfər bir yerdə Nazırlı kənd məzarlığında dəfn olunub.

Baxış sayı: 5100 | Tarix: 28.08.2021
Bizi Telegramda izləyin: @repostaz