İranın Azərbaycanla sərhəddə olan Aslandüz-Horadiz istiqamətində çoxlu sayda hərbi texnika, canlı qüvvə, aviasiya vasitələri ilə hərbi təlimlər keçirməsi hərbi güc nümayişindən çox böyük narahatlığın təzahürləridir.
RePost.Az “oxu.az”a istinadən xəbər verir ki, gəlin öncəliklə obyektivlik naminə İranın suveren ərazilərində təlimlər keçirməsinin onun müstəsna hüququ olduğunu qeyd edək.
Hər bir dövlət təhlükəsizliyinin təmini üçün belə təlimlərə ehtiyac duyur. Amma indi İranın təlimlər keçirməsi, bunu Azərbaycanla sərhəd zolağında “əzələ nümayişi” bir neçə kontekstdə Tehranın əsl məramını üzə çıxarır.
Tehranın narahatlığının səbəbləri:
1. Azərbaycan İranla Ermənistanın nəqliyyat arteriyasına – Gorus-Qafan yoluna post yerləşdirib. Azərbaycan ərazisindən keçən magistraldan (21 kilometri) keçən İran avtomobilləri yoxlanılır, onların apardığı yüklərin təyinatı dəqiqləşdirilir. Əgər təxribat varsa, dərhal tədbir görülür.
Birinci amil Azərbaycanın iqtisadi rıçaqlarını gücləndirir və Bakı Tehran üzərində iqtisadi təzyiq mexanizmi qazanır, İrəvanı isə dalana dirəyir.
2. İran Azərbaycan-Türkiyə-Pakistanın keçirdiyi birgə təlimlərdən dərin qorxuya düşüb. İran ali rəhbərinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amoli də bu narahatlığı izhar etdi, Tehranın mövqeyini dilə gətirən hədə dolu açıqlama verdi. Onun hədəsi hədərdir, bunu da izah edəcəyik.
3. Azərbaycanın İsraillə, Türkiyə ilə, Britaniya ilə dərinləşən əməkdaşlığı, bunun fonunda Ermənistanla dövlət sərhədində yeni zolaq yaratmasını həzm edə bilmir.
Üç amili ümumiləşdirərək fikrimizi inkişaf etdirək. Fikir verirsinizsə, İranın polis komandanı Hüseyn Əştəri avqustun sonları, sentyabrın əvvəllərində Azərbaycanla sərhədin yolunu “ağartmışdı”, tez-tez də iqtisadi əlaqələr terminin arxasında gizlənərək “İranın bütün sərhədləri təhlükəsizdir” bəyanatını səsləndirirdi (Bu barədə ətraflı yazmışdıq).
Bir daha əmin oluruq ki, cənab Əştərinin sərhəd səfərləri birbaşa öz nöqteyi-nəzərindən kəşfiyyat məlumatları toplamağa hesablanıbmış.
Bir az keçəndən sonra Seyid Həsən Amoli isterika içərisində, Azərbaycan və Türkiyənin qonuşuluq hüququna hörmət etmədiyini, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlərinin keçirilməsinin anonsunu verdi.
Cənab Amoli birinci dəfə deyil ki, Azərbaycana qarşı hədyan yağdırır, onun leksikonunda narahat terminlərlə Azərbaycanın xüsusi çəkisi var.
Cənab Amoli, izah edə bilmir ki, Azərbaycanla Türkiyə hansı hüququ pozublar? Niyə Tehran Azərbaycanın Vətən müharibəsində qələbə qazanmasından sonra müxtəlif adlar altında çək-çevir edir? Hərçənd ki, bunun keçmişə söykənən tarixi də heç kimə sirr deyil.
Amoli deyir: “SEPAH”a icazə verilsin ki, sərhədin bu tayında İranın gücünün bir zərrəsini nümayiş etdirsin və praktiki və əməli şəkildə onlara başa salsın ki, bu, hələ şirin quyruğudur, oynamaq olmaz!”.
Bunu nəzəri olaraq açıq konfrontasiyaya çağırış elementi kimi nəzərdən keçirmək olardı, amma praktikada Amolinin nəzərdə tutduğu “şir” hərbi qüdrətinə görə Azərbaycanı üstələyə bilmir.
Biz də metaforadan istifadə edərək bozqurd amilini quyruq şəklində yox, bütöv obrazda Amolinin qarşısına qoya bilərdik, amma burada ədəbi-fəlsəfi lirika açmaq niyyətimiz yoxdur.
Amolinin dedikləri ümumiləşmiş hərbi müqayisə zərurəti yaradaraq kimin hansı qüdrətə sahib olmasına izah tələb edir.
Necə? Azərbaycanda kifayət qədər müasir silahlar, o cümlədən beşinci nəsil silahlar, hava hücumundan müdafiə sistemləri, zərbə dronları (“Bayraktar), kamikadze dronları (“HAROP”), peşəkar ordu, Şuşa əməliyyatından sonra dünya hərb tarixində təəccüb yaradan xüsusi təyinatlı qüvvələr mövcuddur.
Cənab Amolinin ən son istinad yeriniz ölkəsinin ballistik raketləri ola bilər, amma unutmamalıdır ki, Azərbaycanda da ballistik raketlər mövcuddur.
Üstəgəl, Azərbaycanın Türkiyə, Pakistan kimi strateji müttəfiqləri var, bu münasibətlər hərbi ittifaq yaratmaq səviyyəsinə qədər irəliləyib.
Ankara və İrəvanın bir-birinə isti mesajlar göndərməsini də Tehranın narahatlıqlarının səbəbləri sırasına əlavə edə bilərik.
Ermənistan Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaq istədiyini bəyan edib, hətta baş nazir Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüş də istəyir.
Ankara isə Azərbaycan amilini, Zəngəzur dəhlizinin açılmasını şərt kimi irəli sürərək Ermənistanla münasibətlərin normallaşmasını məqbul sayır. Ermənistanın məcbur qalıb Türkiyəyə yön alması isə gələcəkdə İranın regiondakı əsas partnyoru ilə əlaqələrinin zəifləməsinə gətirib çıxara bilər.
İndi İranda bunun üzərində də baş sındırırlar...