“Neçə illərdir Milli Məclisdə hamı çıxış edir. Bu çıxışlar hara gedir? Özümüz deyib, özümüz eşidirik. Torpaqlarımız işğal edilib, şəhidlərimiz olub. Birdəfəlik müharibə edək. Onlar da qırılsın. Mən onu demək istəyirəm ki, bu danışıqlara qulaq asan, bu işlərə baxan, problem həll edən yoxdur. Elə müharibə edib, torpağımızı geri alaq. Öz torpağımızı alırıq da”.

RePost.Az publika.az-a istinadən xəbər verir ki, bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin sessiyasında çıxışı zamanı deyib.

Z.Xanlarova son 25 ildə verilən şəhidlərin sayına diqqət çəkib:

“Birdəfəlik ya ölüm, ya da qalım olsun. Nə ATƏT-ə, nə də filankəsə qulaq asıram. Mənim evimə giriblər. Mən heç kimin evinə girməmişəm. Amma hər şeyin bir həddi var. Həmişə sülh tərəfdarı olmuşam. 25 ildir burada danışırıq. Hər dəfə şəhid olanda elə bilirəm ki, balalarım ölür, ağlamağım gəlir, bağrım çatlayır. Biz haçana qədər dözməliyik? Onsuz da onlar müsəlmanın düşmənidir. Mənim müharibə etməyə gücüm çatar. Niyə onlardan xahiş edirəm ki, icazə verin torpağımı geri qaytarsınlar? Niyə icazə istəməliyəm? Torpağımı alıb, mən də gedirəm torpağımı geri almağa. Xocalını geri qaytarmaq lazımdır. Ürəyimdən gələn sözlərimi deyirəm. Həmişə xaricə gedəndə öz disklərimin yerinə Xocalı soyqrımı ilə bağlı diskləri aparırdım. Allah erməniləri vurub. Vuruşmaq və torpaqları almaq lazımdır”.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə Zeynəb Xanlarovanın müharibə çağırışlarına cavab verib.

B.Muradova deyib ki, siyasət siyasətçilərin işi olduğu kimi hərb də hərbçilərin işidir:

“Biz müxtəlif məsələlər haqqında fikirlərimizi bildirə bilərik. Lakin müharibə ilə bağlı qərar Ali Baş Komandanın işidir və Ali Baş Komandan bu qərarı torpaqları alacağına əmin olduğu zamanı verir. Buna görə də gəlin nə xalqımızın, millətimizin torpağımızın işğal olunması ilə bağlı keçirdiyi hissiyyatları şübhə atına alaq, nə də bu vəzifəni daşıyan yüksək rəsmilərin qərar verməsinin hansısa tərəflərin rəyindən asılı olduğuna dair fikir formalaşdıraq”.

Vitse-spiker Azərabycan Prezidentinin bu yaxınlarda Münhen konfransında da sözügedən məsələ, eləcə də ATƏT-in Minsk qrupu ilə bağlı öz mövqeyini ortaya qoyduğunu söyləyib:

“Dövlət başçısı konfranslardakı çıxışları ilə nə qədər qətiyyətli lider olduğunu göstərdi. Buna görə də hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir. Şəhidlərimizlə yanaşı, Çingiz, Mübariz kimi qəhrəman oğullarımızın sayının artmasını da unutmamalıyıq. Biz bədgüman olmamalı, Xocalı, eləcə də digər həqiqətlərimizlə bağlı həm ölkəmizdə, həm də ölkədən kənarda danışmalıyıq. Əgər bu danışıqlar olmasaydı, beynəlxalq ictimaiyyətdə, ayrı-ayrı parlamentlərdə Xocalı ilə bağlı qərarlar qəbul edilməzdi”.

B.Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu, faciə haqqında hər zaman danışılacaq:

“Bu faciəni unutmaq olmaz. Biz erməni vəhşiliyi obrazını ölməyə qoymamalıyıq. Bu baxımdan hesab edirəm ki, zamnında hanısa addımlar atmaq lazımdırsa, onu siyasət və danışıqlarla möhkəmləndirməliyik. Artıq ABŞ-ın 23-cü ştatı da Xocalını soyqırımı kimi qəbul edib. Mən əminəm ki Azərbaycan dövlətinin məsələnin siyasi və ideoloji tərəfini daim gündəmdə saxlaması siyasəti tamamilə doğrudur. Biz də Azərbaycan xalqı olaraq bu siyasətin möhkəmləndirməsinə öz töhfəmizi verməliyik. Xocalıda baş verən hadisə insanlığa utancdır”.


Baxış sayı: 3561 | Tarix: 24.02.2017
Bizi Telegramda izləyin: @repostaz