İranın Azərbaycanla sərhəddə təlim keçməsinə etiraz olaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Respublikasına dəstək aksiyaları keçirilir.
RePost.Az Güneyli mənbələrə istinadən xəbər verir ki, oktyabrın 1-dən İran ordusunun Azərbaycan Respublikası ilə sərhəd bölgələrdə keçirməyə başladığı hərbi təlimlər, İran rəsmiləri və panfarsist cərəyanlara bağlı şəxslərin Azərbaycana qarşı çıxışlarına cavab olaraq Güney Azərbaycanın müxtəlif şəhərlərində aksiyalar başlayıb.
Təbrizdə, Ərdəbildə, Zəncanda, Urmiyada divarlara "Yaşasın Azərbaycan Cümhuriyyəti, "Ayağa qalx, Azərbaycan", "Cənubi Azərbaycan milləti, Azərbaycan ordusunun yanındadır" məzmunlu şüarlar yazılıb, güneyli soydaşlarımız plakatlar hazırlayıb, şüarlar səsləndiriblər.
Bununla yanaşı, fəallar oktyabrın 1-i, Təbriz vaxtilə axşam saat 20:00-da “Twitter” sosial şəbəkəsində “Biz Azərbaycanın özüyük” adı altında başlatdıqları kampaniya vasitəsilə Azərbaycan Respublikasına qarşı çıxış və təhdidləriə cavab veriblər.
Kampaniyaya Güney Azərbaycan və dünyanın başqa ölkələrində yaşayan 10 minlərlə güneyli qoşulub.
Bu aksiyalarla bərabər, hərbi təlimlərə cəlb olunan güneyli türk əsgər və zabitlər müxtəlif vasitələrlə Azərbaycan Respublikasının yanında olduqlarını bildirməyə çalışıblar.
Onlar üzləri görünməsin, tanınmasınlar deyə maska taxıb və Bozqurd əlaməti göstərərək fotolarını çəkib yayıblar.
Təbriz, Urmu, Ərdəbil və başqa güney şəhərlərində azərbaycanlı polis məmurları da eyni hərəkətlərlə İranın Azərbaycana qarşı təhdidlərinə etirazlarını ifadə ediblər.
Azərbaycanlı hərbçi və polis məmurlarının bu hərəkətləri İranda radikal fars milliyyətçilərinə bağlı sayt və sosial mediada geniş reaksiyalara səbəb olub.
Onlar bunu İran dövlətçiliyinə qarşı ciddi təhdid kimi dəyərləndirib və hökumətdən bu şəxslərin cəzalandırılmasını tələb ediblər.