2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu. Nəhayət ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız öz liderinin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı. Bunun nəticəsində "Qarabağ Azərbaycandır!" şüarı ilə torpaqlarımızı işğaldan azad etdik.
 
RePost.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Şurasının mediaforumunda çıxış edərkən bildirib.
 
“İlk növbədə, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini qeyd etmək istərdim.
 
Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər.
 
Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-ləri də çiyin-çiyinə mübarizə apardılar”, - deyə Hikmət Hacıyev qeyd edib.
 
Belə bir medaiforumun təşkilinin uzun illərdir gözlənildiyini vurğulayan Prezidentin köməkçisi deyib:
 
“Bizim media nümayəndələrini belə bir formatda görməkdən xüsusi sevinc və qürur hissi duyuruq. Çünki sizlər arasında olan münasibətlər media sahəsindəki gücümüzü artırır. Bu eyni zamanda liderlərimiz tərəfindən qarşımıza qoyulan tapşırıqdır.
 
Ortaq kökümüzün, mədəniyyətlərimizin insanlara, xüsusən də gənclərimizə daha yaxından tanıdılması, eyni zamanda zəngin türk mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır”.
 
Azərbaycanın qarşısında duran yeni vəzifələrdən birinin Qarabağın yenidən qurulması olduğunu söyləyən Hikmət Hacıyev bildirib ki, işğaldan azad olunmuş torpaqlarımız tamamilə dağıdılıb. XXI əsrdə bir torpağın, bir şəhərin bu şəkildə dağıdılması insanın ağlına gələcək bir mənzərə deyil. Qardaş türk ölkələrinin media mənsublarına təşəkkür edirəm ki, onlar bu vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.
 
“Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır. Bizim məqsədimiz gələcəkdə dünyada baş verə biləcək bu kimi əməllərin qarşısını almaqdır. Qarabağda Azərbaycan və türk xalqına məxsus zəngin mədəniyyət irsi var. Təəssüf ki, bu mədəni irsimiz də illər uzunu məhv edilib. İşğal altındakı torpaqlarda olan 67 məscid dağıdılıb, bütün müsəlmanlar təhqir edilərək bu məscidlərdə ermənilər tərəfindən donuz saxlanılıb.
 
Bu gün Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar və biz bu məsələdə də birgə fəaliyyət göstərəcəyik”.

Baxış sayı: 5499 | Tarix: 22.10.2021
Bizi Telegramda izləyin: @repostaz