Qarabağda cəbhə xəttindəki kəskinləşmə məntiqi haldır. RePost.Az -ın məlumatına görə, bunu məşhur rusiyalı hərbi ekspert Pavel Felgenhauer virtualaz.org-un müxbiri ilə söhbətində deyib. Onun sözlərinə görə, son günlər və həftələr ərzində vəziyyətin getdikcə gərginləşməsi barədə məlumatlar daxil olurdu.
"Mən baş verənləri izləyirəm və təəssüflə deyə bilərəm ki, müharibə praktiki olaraq qaçılmazdır”, - ekspert deyib.
Bəs tərəfləri təxribata sürükləyən, təmas xəttində bu cür gərginliyi yaradan kimdir? Felgenhauerin fikrincə, xarici qüvvələr hazırda başqa işlərlə məşğuldurlar. Hətta bu yaxınlarda Bakıda keçirilmiş ABŞ və Rusiya Baş Qərargah rəislərinin səs-küylü görüşünün də heç bir vəchlə Qarabağ münaqişəsinə aidiyyəti yox idi.
"Dünya cidd-cəhdlə Qarabağı unutmağa çalışır, - ekspert deyir. – Nə qədər ki, müharibə başlamayıb, bu problem yada düşməyəcək”.
Hərbi analitikin sözlərinə görə, hazırda tərəflər razılığa gələrək gərginliyi azalda bilərlər. Lakin bütün bunlar müvəqqətidir.
"Eyni zamanda, təmas xəttində atəşkəsə nəzarət edən yoxdur. Bununla birgə, tərəflər güzəştə getmir və hərənin özünə görə hərbi əmıliyyatları başlamaq üçün əsası var”, - analitik qeyd edib.
Felgenhauerin dediyinə görə, vəziyyət acınacaqlıdır.
"İndi "Müharibə başlayacaq, ya yox?” soruşmağın mənası yoxdur. Sualı başqa cür qoymaq lazımdır: O, nə zaman başlayacaq?”, - Felgenhauer vurğulayıb.
RePost.Az