Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Ədalət Vəliyevin vəkili onun adına olan binanın zərərin ödənilməsi ilə bağlı dövlət nəfinə verilməsini və bunun yüngülləşdirici hal hesab edilməsi barədə məhkəməyə sənəd təqdim edib. Bundan sonra çıxış üçün dövlət ittihamçısına söz verilib.
 
Prokuror çıxışında təqsirləndirilən şəxslərə verilən ittihamların məhkəmə baxışı zamanı təsdiqini tapdığını bildirərək Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİFDF) sabiq rəhbəri Vüqar Səfərlinin verilmiş maddələrlə təqsirli bilinməsini və 11 il azadlıqdan məhrum edilməsini istəyib.
 
Çıxışda qeyd olunub ki, Vüqar Səfərlinin dəymiş ziyanı qismən ödəməsi yüngülləşdirici hal hesab edilməli, üzərinə həbs qoyulmuş əmlakları ziyanının ödənilməsinə sərf olunmalıdır. Bildirilib ki, V. Səfərli 3 il dövlət orqanlarında vəzifə tuta bilməz.
 
Prokuror cinayət işi üzrə təqsirləndirilən digər şəxslər - Nadir Məmmədov, Bünyamin İsmayılov, Telman Tahirov, Ədalət Vəliyev, Namiq Hacıyevin hər birinin 7 il, Təmkin Xəlilov, Valeh Orucov, Şahin İbrahimov və Bəxtiyar Fətullayevin isə 2 il azadlıqdan məhrum edilməsini tələb edib.
 
Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində məhkəmə istintaqı zamanı seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilməli və hər biri məhkəmə zalında həbs olunmalıdır.
 
Prokuror cinayət işi üzrə təqsirləndirilən Təhminə Yaqubovaya isə 6 il şərti cəza verilməsini istəyib.
 
Dövlət ittihamçısı cinayət işi ilə bağlı Medianın İnkişafı üzrə Dövlət Agentliyi tərəfindən qaldırılan mülki iddianın da təmin olunmasını tələb edib.
 
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
 
Proses dekabrın 14-də davam etdiriləcək.
 
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
 
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
 
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
 
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Baxış sayı: 4264 | Tarix: 07.12.2021
Bizi Telegramda izləyin: @repostaz