“İstintaqın hazırkı mərkələsində cinayət işi üzrə çoxsaylı şahidlərin dindirilməsi təmin olunub, eyni zamanda intensiv istintaq hərəkətləri həyata keçirilib, müxtəlif ekspertizalar təyin olunub və digər tədqiqatlar aparılıb”.
RePost.Az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair keçirilən brifinqdə Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov deyib:
“Qəza baş verən gün helikopterin uçuşu və təlimlərə cəlb edilməsi ilə əlaqədar istintaq zamanı hər hansı qanun pozuntusu müəyyən edilməyib. Belə ki, helikopter qüvvədə olan normativ sənədlərə uyğun olaraq əvvəlcədən təsdiq edilmiş plana əsasən uçuş heyətinin tərkibi müəyyənləşdirilməklə təlimlərə cəlb edilmişdir ki, bu prosesdə də hər hansı normativ tələblərin pozulması halı aşkar edilməyib".
Onun sözlərinə görə, helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları QSC-nin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy və eləcə də rəydə göstərilmiş halları təsdiq edən sübutlarla müəyyən edilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və küləyin sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər nəticəsində helikopter qəzaya uğrayıb".
Məmmədov deyib ki, qəzaya uğrayan helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılıb, onlardan 2-si aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-si isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar.
Elçin Məmmədov qeyd edib ki, helikopterinin “qara qutu”sunda qeyd alınan səs yazıları da Azərbaycana təqdim olunub.
"Qara qutu" hüquqi yardım haqqında sorğu əsasında Baş Prokurorluğun və Çex Respublikasının Prokurorluğunun əməkdaşlarının iştirakı ilə müvafiq istehsalçı şirkətin mütəxəssisləri tərəfindən açılaraq uçuşa hazırlıq prosesindən qəza baş verən ana qədər olan bütün parametrlər üzrə məlumatlar, o cümlədən idarəetmə ilə əlaqədar qeydə alınmış səs yazıları Azərbaycan tərəfinə təqdim edilib", - deyə o vurğulayıb.
Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev isə qeyd edib ki, təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağanedici həcmdə olmayıb. Ona görə də helikopterin marşrut üzrə hərəkətində qanun pozuntusu olmayıb:
“Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını icra etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza baş verməyəcəkdi”, - deyə Paşayev əlavə edib.