Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan hərbçiləri isə dəfn edilib.
 
RePost.Az xəbər verir ki, baş leytenant Tural Həşimlinin cənazəsini doğulduğu Ordubad rayonunda izdihamla qarşılanıb. Dəfn mərasimində iştirak edənlər "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirib. Yeddi ay əvvəl toy edib cəbhəyə qayıdan T.Həşimli ata olacaqdı. Lakin Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olub. Daha bir şəhidimiz hərbçi  Şahlar Yaşar oğlu Nəzərov isə anadan olduğu Yardımlı rayonunda dəfn edilib. 1990-cı il təvəllüdlü hərbi qulluqçu anadan olduğu Peştəsər kənd qəbiristanlığında torpağa tapşırılıb. Digər şəhid Aqşin Abdullayevin cəsədi doğulub böyüdüyü Şəkinin Kiş kəndinə gətirilib. Şəhidin tabutunu aparan yol polisinin göz yaşları hər kəsi kövrəldib. Şəhidlərlə vida mərasimində Müdafiə  Nazirliyinin, rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.  Qədimov Zülfü Rəhim oğlu bu gün Beyləqan rayonunda torpağa tapşırılıb. Dəfn mərasimi Peyğəmbər qəbiristanlığında keçirilib. Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə  Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib.
 
Şəhid olan hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Əhmədov Elvin Süleyman oğlu isə Tovuz rayonunda dəfn edilib. Yanıqlı kənd qəbiristanlığında keçirilən dəfn mərasimində rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhid hərbçinin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Çıxış edənlər şəhid Elvin Əhmədovun döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyini deyiblər. Bildirilib ki, şəhid Elvin Əhmədov örnək olacaq bir hərbçi olub.
 
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olmuş hərbçi Zakir Cəfərov isə Bakıda dəfn olunub. Şəhidlə doğulub boya-başa çatdığı Keşlə qəsəbəsində vida mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Nizami rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, minlərlə şəhər sakini, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak edib.
 
Şəhidin nəşi məsciddən Keşlə qəbiristanlığınadək çiyinlərdə aparılıb. Əslən Ağdam rayonundan olan şəhid Nizami rayonu, Keşlə kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
 
Xatırladaq ki, fevralın 24-dən 25-nə keçən Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin vasitəçiliyi ilə isfəndin 8-də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırıb. Həlak olan hərbçilərimizin cənazələri vətənə gətirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!
 
RePost.Az
 

Baxış sayı: 5176 | Tarix: 28.02.2017
Bizi Telegramda izləyin: @repostaz