.."Həyat yoldaşım iki şərt qoydu, ya qız olacağı üçün yeni doğulacaq uşağı övladlığa verməliydim, ya da digər uşaqlarımla birgə evdən getməliydim. 4 uşağı küçələrdə necə böyüdəcəkdim? Uşağı övladlığa verməyə məcbur oldum"...
 
Qızının övladlığa verilməsinə razı olur. Amma çox keçmir ki, polisə müraciət edərək uşağın geri qaytarılmasını tələb edir. Bundan sonra ailədəki narazılıqlar daha da dərinləşir.
 
Səmayə Məmmədova (qadının təhlükəsizliyi üçün adı dəyişdirilib) iyunun əvvəlində iki azyaşlı qızı ilə "Təmiz Dünya" İctimai Birliyinin sığınacağına yerləşdirilib. 3 gün əvvəl 4-cü qızı dünyaya gəlib.
 
RePost.Az virtualaz.org-a istinadən Səmayənin həyat hekayəsini təqdim edir.
 
- Bilirəm, mən də günahkaram. Qızıma sahib çıxa bilərdim, ən azı polisə gedib şikayət edərdim. Amma qorxdum, fikirləşdim ki, o biri uşaqlarım küçələrdə qalmasın. İki oğlum, iki qızım vardı. Böyük oğlumun 9, qızımın 8, digərinin 7, sonuncunun 4 yaşı vardı. Bütün günü təsərrüfatda çalışırdım, heyvan saxlayırdım. Hər gün döyülürdüm, ən ağır söyüşlərlə təhqir olunurdum, yenə də uşaqların xətrinə dözməyə məcbur idim. Təsəvvür edin, məni döyürdü, başımı divara çırpırdı, yenə də ürəyi soyumurdu, qızları da döyürdü. Qızımın əlimdən alınmasını bağışlaya bilmirdim.
 
- Uşağı övladlığa götürən ailəni əvvəlcədən tanıyırdın?
 
- Yox, son ana qədər uşağı başqasına verəcəklərini bilməmişəm. Hamiləliyin ilk aylarında həkimə getməyə icazə vermədi. Kənddə belədir, yalnız doğanda həkimə gedirsən. Hamiləliyin 6-cı ayından sonra qız doğulacağını öyrəndim. Uşağın qız olacağını öyrəndikdə məni söydü, evdə dava saldı. Sonra anasının məsləhəti ilə sonsuz ailə axtarışına çıxıb. Həmin ailə qonşu kənddə yaşayır. Məni xəstəxanaya aparmadılar, uşağı evdə dünyaya gətirdim. Dedi ki, razılaşmasan, uşağı küçəyə atacağam. Amma ailə uşağı sənə göstərəcək, istədiyin zaman gedib görə biləcəksən. Kənddə hamıya uşağın öldüyünü dedim. Sonradan uşağı mənə göstərmədilər, əsəblərim tab gətirmirdi, hər gecə yuxuda uşağın ağladığını görürdüm, məni çağırırdı. Anam vəziyyətimdən uşağın ölmədiyini anladı. Bundan sonra cəsarətləndim, uşağın geri qaytarılmasını tələb etdim.
 
- Amma geri ala bilmədin?
 
- Polisə şikayət etdim, məhkəmədə iddia qaldırdım. Həyat yoldaşım dedi ki, uşağı geri alsan, onu da, səni də öldürəcəyəm. Amma əl çəkmədim, ölməyə belə razılaşdım. Məndən vaxt istədilər, dedilər ki, uşağın iki yaşı var, sənə alışdırmaq lazımdır. Bunlara sənədləri qaydasına salmaq üçün vaxt lazım imiş. Heç bir sənədi imzalamamışam, amma polisdən dedilər ki, övladlığa verdiyin uşağı geri tələb edə bilməzsən. Ailə uşağı öz adına keçirib. Məhkəməyə müraciət edəcəyimi deyəndən sonra oğlanlarımı əlimdən aldı, qızlarımla birgə məni evdən qovdu.
 
- Artıq 6-cı uşağa hamilə idiniz.
 
- Hə, hamilə idim. Hər gün döyürdü, ən alçaldıcı sözlərlə təhqir edirdi. Yenə də dözürdüm. Məni evdən qovmaq üçün bu dəfə dostunun arvadını qaçırdı. Məlum oldu ki, 5 ilə yaxındır münasibətləri varmış. Dava düşdü, dostu arvadını boşadı. Dedi ki, evdən getmək istəmirsənsə, onunla birgə yaşayacaqsan. Sən işləyəcəksən, onun qulluğunda dayanacaqsan. Məni onun yanında təhqir edirdi, deyirdi ki, kənddə hamı uşağı başqasına verdiyimi bilir, məni el içində rüsvay etmisən. 6-cı uşağa hamiləydim, oğlan olacağı halda evə gətirə biləcəkdim, qız doğulsaydı, qara günlərim başlayacaqdı. Buna görə də, gizlicə həkimə getdim, uşağın qız olduğunu bilən kimi evdən çıxdım. Qorxdum ki, bu dəfə də uşağı əlimdən alıb başqasına verər.
 
Hələ də uşağın qız, ya oğlan olduğunu bilmir. İndi oğlanlarım onun yanındadır, mənimlə danışmalarına imkan vermir. Uşaqları aldadıb apardı. Guya ki, gəzdirib qaytaracaqdı. Sonra uşaqları mənim yanıma buraxmadı. Yenidən polisə şikayət etdim, polis dedi ki, atasıdır, məhkəmənin qərarı olmadan uşaqları ondan ala bilmərik. Hamiləliyin son günlərində çıxış yolum qalmadı, Bakıya gəldim. Sığınacağa gələndən sonra 4-cü qızım doğuldu. Bir neçə gündən sonra məhkəməyə müraciət edib rəsmi olaraq boşanacağam. Oğlanlarımı da götürüb uşaqlarıma özüm baxacağam. O biri qızımı da geri qaytarmaq üçün çalışacağam, axı mənim rəsmi razılığım olmayıb.
 
- Bəs 6 uşağa necə baxacaqsan? Sənə sahib çıxıb kömək etmək istəyən varmı?
 
- Anamgil kasıb dolanır, istəsələr belə 6 uşağı dolandırmaq çətindir. Evimə qayıdıb uşaqları böyüdə bilərəm. Bütün günü mal-qara, toyuq-cücəyə baxırdım, əkin-biçinlə məşğul idim. Təsərrüfatda 5 kişinin işini görə bilirəm, mövsümi əkin-biçindən yaxşı qazanırdıq. Ailə qurduğum 11 il ərzində bir dəfə də olsa, yoldaşım təsərrüfat işləri ilə məşğul olmayıb, hamısını özüm etmişəm. Süd, pendir satmaqla belə uşaqlarımı saxlaya bilərəm. Təki övladımı geri qaytarıb məni öz əllərimlə qurduğum evimə qayıtmağa imkan versinlər.
 
RePost.Az 

Baxış sayı: 31187 | Tarix: 11.06.2017
Bizi Telegramda izləyin: @repostaz