Prezident İlham Əliyev Vətən müharibəsi veteranları ilə əlaqədar ötən ilin axırlarında Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq hazırda Vətən müharibəsi iştirakçılarının siyahısı onların qulluq etdikləri qurumlar tərəfindən müəyyən olunur və Nazirlər Kabineti ilə razılaşdırılandan sonra "Zəfər" altsisteminə daxil edilir.
 
RePost.Az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Onun sözlərinə görə, bundan sonra onlara təyin edilən veteran təqaüdünün təyinatı aparılacaq. Hazırda proses davam edir. Yaxın vaxtlarda təyinatların və ödənişlərin aparılması təmin ediləcək.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının, vəsiqəsinin verilməsi, Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.
 
Qanunvericiliyə uyğun olaraq, onlara "Müharibə veteranı" adı, vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.
Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, "Müharibə veteranı" adı, həmçinin vəsiqəsi verəcək.
Həmin qurumlar "Müharibə veteranı" adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları ƏƏSMN-in "Zəfər" altsisteminə daxil edəcək.
Yekun mərhələ kimi, həmin məlumatlar əsasında ƏƏSMN "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.
 
Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan, heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.
 
Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.

Baxış sayı: 4682 | Tarix: 27.01.2022
Bizi Telegramda izləyin: @repostaz