ABŞ və NATO-nun cavabından sonra əsas müzakirə mövzusu Rusiyanın hansı addımları atacağı üzərindədir. 
 
Qərb Moskvanın tələblərini – Şimal Alyansının Şərqə doğru genişlənməməsi (Ukrayna və digər yeni üzvlərin qəbul edilməməsi), 1997-ci il aktına uyğun mövqelərə çəkilmək, Rusiya sərhədləri yaxınlığında raketlərin yerləşdirilməməsi və digər – qəbul etmədi, hətta ittifaqın Baltik və Qara dənizdə mövcudluğunun gücləndiriləcəyi bəyan edildi.
 
Və beləliklə, rusların tələbi ilə başlanan qarşıdurma amerikalıların cavabı ilə növbəti mərhələyə keçir. Qərb rusların istəyini geri çevirməklə yanaşı, Moskvanın qəbul etməyəcəyi tələblər – rus qoşunlarının Donbas, Abxaziya, Dnestryanı kimi ərazilərdən çıxarılması – də irəli sürür və bu, artıq başlandığı görünən “yeni soyuq müharibə”nin daha da kəskinləşəcəyini qaçılmaz edir.
 
Rəsmi Moskva bəyan edir ki, atılacaq addımlara Putin qərar verəcək. 
 
Hansı addımlar atıla bilər, mümkün ssenarilər nələrdir?
 
Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ssenarisi o qədər də güclü olmayan versiya olaraq qalır. Sərhədə yığılan qoşunun hədəfi daha çox masada qalib gəlmək üçün “əzələ nümayişi” məqsədi daşıyır. O da istisna deyil ki, ruslar müdaxilə ssenarisi üzərində işləyirlər, lakin bu ən sonda atıla biləcək addım ola bilər. Qarşıdakı dövrdə Moskvanın bir neçə ssenari üzrə hərəkət edə biləcəyi mümkündür.
 
Birincisi, Donbas və Luqanskda separatçıları silahandırmağı sürətləndirəcək: hakim Vahid Rusiya partiyası bununla bağlı artıq Putinə müraciət edib və bu, Ukraynanın separatçılara qarşı anti-terror əməliyyatı riskinə hesablanıb;
 
İkincisi, Rusiya “əzələ nümayişi”ni genişləndirə bilər: Şərqi Avropa sərhədlərində hərbi təlimləri artıra və təlimlər adı ilə əlavə qoşunları bölgəyə cəlb edə bilər;
 
Üçüncüsü, Şərqi Avropa sərhədlərində hərbi varlığı artıracaq Moskva Avropa üzərindən NATO daxilində cəbhələşməni dərinləşdirməyə çalışa bilər:
 
a) “Normand formatı” üzrə danışıqları bərpa etmək istiqamətində işləyəcək: iki gün öncə bu formatda görüş keçirildi və növbəti görüşün iki həftə sonra olması üzərində razılıq əldə olundu;
 
b) Avropanı qaz rıçağı ilə sıxaraq, Fransa və Almaniyanın ABŞ cəbhəsində yer almasının qarşısını almaq, beləliklə, Şimal Alyansı daxilində fikir ayrılığını genişləndirmək strategiyasını izləyə bilər;
 
Bu kontekstdə “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinin “Gas for Europe GmbH” törəmə müəssisəsini yaratdığını elan etməsi diqqət çəkir: bu, layihənin sertifikatlaşdırılması üçün həyata keçirilməsi işlərdən biri idi və uzun müddətdən sonra ruslar alman qanunvericilyinin tələbini yerinə yetirdilər; qarşıdurma fonunda sertifikatın alınması asan olmasa da, prosesdə praktiki mərhələnin başlandığı görünür; Və bu, “Şimal axını” layihəsi, ümumilikdə Avropanın enerji təchizatı məsələsində Almaniya-Fransa ikilisinin ABŞ-la fikir ayrılığının davam etdiyinin real nümunələrindəndir;
 
Rusiya Avropanın vəziyyətindən NATO-ya qarşı maksimum istifadə etməyə çalışacaq. ABŞ buna qarşı hərbi müstəvidə addımları – bölgəyə qoşunların göndərilməsi və s. – genişləndirməklə Avropanı Rusiyaya qarşı cəbhədə birləşməyə məcbur etmək strategiyasını izləyə bilər. Qarşıdurma “soyuq müharibə” qaydaları ilə davam edəcək, həm hərbi, həm informasiya cəbhəsində... 
 
Asif Nərimanlı
 

Baxış sayı: 4739 | Tarix: 28.01.2022
Bizi Telegramda izləyin: @repostaz