28 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən RePost.Az-a verilən xəbərə görə, nazirlər, iki ölkə arasındakı münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər.
Son həftə ərzində İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və bu çərçivədə keçirilmiş görüşlər iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi vurğulanıb.
Tərəflər, o cümlədən birgə layihələrin həyata keçirilməsini, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün, eləcə də İran Astarasında dəmir yolu yük terminalının tikintisinin 2022-ci ildə tamamlanmasının hədəflənməsinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib.
Nazirlər, Azərbaycanın azad olunmuş torpaqlarında İran şirkətlərinin yaxın zamanlarda konkret layihələrlə işə başlayacağını vurğulayıb və bununla əlaqədar fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələləri müzakirə ediblər