Ötən gün Türkiyə Böyük Millət Məclisi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini təsdiqləyib. TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Bəyannamə həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib, 11 parlamentari isə bəyannaməyə qarşı çıxıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Şamil Ayrım bildirib ki, həmin deputatlar Xalqların Demokratik Partiyasının (HDP) üzvləridir:
“Xalqların Demokratik Partiyası separatçı partiyadır. Onlar sol partiya hesab olunur, Türkiyənin ölkə xaricinə əsgər göndərməsinə qarşıdırlar. Eyni zamanda Türkiyənin bütün xarici razılaşmalarına alət olmağa çalışırlar. Şuşa Bəyannaməsi parlamentə daxil olarkən, onlar bunu qəbul etməmişdilər. Həmin partiyanın məqsədi sadəcə Azərbaycanla bağlı deyil. Məsələn, dünən Somaliyə əsgər göndərilməsi ilə bağlı razılaşma vardı, onun da əleyhinə səs verdilər. HDP-dən başqa hamı sənədin lehinə səs vermişdi. Çünki dörd partiyanın ortaq qərarı var idi”.
Qeyd edək ki, HDP 15 oktyabr 2012-ci ildə fəaliyyətə başlayıb. Türkiyənin siyasi arenasında radikal mövqe tutan partiyanın 55 üzvü parlamentdə təmsil olunur. HDP-nin əsas ideologiyası sosializm, LGBT hüquqları və müxtəliflikdir. Bununla yanaşı, HDP PKK terror təşkilatına açıq dəstək nümayiş etdirir.