Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevnanın təsisçilərindən olduğu “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub.
 
RePost.Az "yeniavaz.com"a istinadən xəbər verir ki, son 3 ay ərzində “Fireland Vineyards” MMC-nin vergi borcunun təxminən üçdəbiri dövlət büdcəsinə ödənilib.
 
Belə ki, ötən ilin 11 oktyabr tarixində “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə 451 128 manat 51 qəpik vergi borcu olub. Bu günə olan məlumata görə, “Fireland Vineyards” MMC-nin vergi borcu 125 601 manat 9 qəpik təşkil edir.
 
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl “Fireland Vineyards” MMC-nin təsisçilərindən olan Mehdiyeva Qalina Yuriyevna ilə MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi olub.
 
Onu da qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub.
 
“Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. “Fireland Vineyards” MMC-nin Novxanıda A.Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.

Baxış sayı: 6297 | Tarix: 11.02.2022
Bizi Telegramda izləyin: @repostaz