Ötən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa olublar.
Davaya səbəb isə tərəflərin bir-birinə qarşı “gədə” “düdük” kimi qeyri-etik ifadələr işlətməsi olub.
Baş verənlər daha sonra sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Eks-baş nazir Pənah Hüseyn hadisədən bir neçə saat sonra canlı yayıma çıxaraq açıqlama verib.
“Əvvəla hövsələsizlik oldu və mən hesab etmirəm ki, haqlı idim. Hövsələmi saxlamadığıma görə”, - deyə o bildirib.
Pənah Hüseyn qeyd edib ki, sonradan verilişdə onu nəyin hövsələdən çıxardığına bir də baxıb: “Mübahisə, Tofiq müəllimin (Tofiq Qasımov – Azərbaycanın sabiq xarici işlər naziri – red.) Türkiyəyə 32 dəfə, Moskvaya bir dəfə getməsi replikasından başladı, məncə. Bəlkə də, o demək istəyirdi ki, balans olmalı idi. Mən də bu məsələyə reaksiya verdim”.
O həmçinin bildirib ki, hər kəsin öz fikrinə sahib olmaq, özünü ifadə etmək hüququ var: “Gərək verilişdə belə şeylər olmasın. Uşaqlıqdan belə şey olur. Yəni demirəm ki, xüsusi bir peşmanlıq var. Lakin hesab edirəm ki, gərək belə olmayaydı. Hər halda yaşımız da o yaş deyil”.
Pənah Hüseyn politoloqla mübahisə zamanı işlətdiyi ifadəyə (gədə - red.) də münasibət bildirib: “Mən mübahisə zamanı bir ifadə işlətdim, onun qətiyyən valideynlərə aidiyyəti yoxdur. Bunu deməyi vacib bilirəm. Valideyn məsələsində çox həssasam. Nə öz valideynlərimin, nə də digər valideynlərin haqqında hər hansı bir həqarət işlətməyi doğru saymıram. Mən onu nəzərdə tutmurdum. Heç bir halda mən kiminsə valideyninə həqarət etmərəm”.
Siyasi analitik Tofiq Abbasov isə “Qafqazinfo”ya açıqlamasında baş verənlərlə bağlı bunu deyib: “Mövqeyim orada olanlardır. Mən heç bir şey əlavə etmək istəmirəm. İnsidentdir oldu, çıxıb getdi. Məsələnin böyüməsində heç bir marağım yoxdur, buna lüzum görmürəm”.