“Gərginlik davam edir. Biz Səfirlik olaraq diaspor rəhbərlərinin və Fəxri Konsulluq vasitəsilə vətəndaşlarımızı siyahılara alırıq”.
Bunu Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova APA-ya deyib.
Onun sözlərinə görə, vətəndaşların Ukraynadan çıxarılması ilə bağlı Azərbaycan xarici işlər naziri məlumat verib: “Artıq bir neçə sərhəd-keçid məntəqəsi Azərbaycan vətəndaşları üçün açılıb. Azərbaycan vətəndaşları həmin sərhəd-keçid məntəqələrindən Moldova ərazisinə keçə bilərlər. Bunun üçün “COVID-19” pasportu tələb olunmur. Həmçinin Polşa ərazisinə keçən soydaşlarımız da var. Polşaya və Avropa İttifaqı ölkələrinə yalnız diplomatlar gedə bilər, həmin istiqamətdə sərhəd-keçid məntəqələri xidməti pasportları olanlar üçün açıqdır. Xüsusi hallarda ümümvətəndaş pasportu olan şəxslər də oradan keçə bilər. Lakin bunun üçün Sərhəd Xidməti rəisinin göstərişi lazımdır. Xarici işlər nazirimiz bunları nəzərə alaraq bütün sərhədyanı ölkələrlə danışıb. Söz veriblər ki, günün sonunda bizə tam məlumat veriləcək ki, vətəndaşlarımız hansı sərhəd-keçid məntəqələrindən keçə bilər”.
Elmira Axundova Səfirlik işçilərinin hamısının iş başında olduqlarını vurğulayıb: “Bütün diplomatlar səfirlikdədir. Onların ailələri də buradadır. Səfirlikdə təxminən 50-60 nəfərə yaxın şəxs var. Yenə də bildirirəm ki, günün sonunda vətəndaşlarımızın necə təxliyə ediləcəyi bilinəcək və bu barədə əlavə məlumat veriləcək. Lakin onu da qeyd etməliyəm ki, təxliyə barədə hər kəs özü düşünməlidir. Çünki döyüşlər gedir, yollar təhlükəlidir. Bunu da nəzərə almaq lazımdır. Məsləhət görərdim ki, soydaşlarımız lazım olmadıqca yaşayış yerlərini tərk eləməsinlər”.
Diplomat Gürcüstan və Türkiyə səfirlikləri ilə də mütəmadi əlaqə saxladığını diqqətə çatdırıb: “Hələ ki onlar da burdadırlar, diplomatların hamısı iş yerindədir”.