“Prezident İlham Əliyevin xarici siyasət kursu bütün region dövlətləri üçün nəfəsliyə çevrilib, xilas yoludur”.
 
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
 
Z. Oruc deyib ki, nəinki Qara dəniz bağlanıb, indi şimala gedən ənənəvi ticarət yolları da bloklanıb: “Halbuki biz təkcə Qarabağda deyil, bütövlükdə Qafqazda əsrlərlə mövcud olan bağları bərpa etməyə çalışırıq. Ona görə də hökumət ölkə rəhbərinin siyasətini tamamlamağı, xalqla aktiv işləməyi, düzgün kommunikasiya qurmağı, aydın mesajlar verməyi, çevik və operativ qərarlar qəbul etməyi bacarmalıdır. Bizə böhran şəraitində effektiv çalışan hökumət gərəkdir. Axı müharibələr həm də yeni ticarət qaydaları və fürsətlər gətirir. Rusiya-Ukrayna savaşının sülh müqaviləsi ilə bitəndən sonra, Azərbaycanın dünya üçün əhəmiyyəti daha da artıracaq. Biz Avropa İttifaqı ilə xarici ticarətdə 40 faizə çatan ticarət dövriyyəsinə malikik, mühüm transmilli layihələrlə Qərblə bağlıyıq, lakin qonşularla qurulan iqtisadi əlaqələr indi sınaq qarşısındadır”.
 
Parlamentin komitə sədri qeyd edib ki, üç il əvvəlki statistikaya görə, Azərbaycanın idxalında taxılın 82 faizi, kartofun 64 faizi, hazır şəkərin 99 faizi, düyünün 21 faizi, mineral gübrənin 87 faizi Rusiyanın payına düşür: “Nəzərə alsaq ki, yaz əkin-səpini qarşısında bir azdan mineral gübrənin çatışmazlığı hiss olunacaq, tədbirlər görülməsə, gələcəkdə kənd təsərrüfatı məhsullarının qiymət artımı qaçılmazdır. İxracda qeyri neft-məhsulları arasında pomidorun 99 faizi, fındığın 46 faizi, faraş kartofun 92 faizi, digər tərəvəzlərin 85 faizi Rusiyaya ixrac olunur. Beləliklə, Azərbaycanın xarici iqtisadi əlaqələrində Rusiya və Türkiyə yüksək payı olan ölkələrdir. Qeyri-neft ixracımızın tam yarısı bu 2 ölkənin payına düşür. Banklararası hesablaşmalar və pul köçürmələrində problemlər, pul göndərişlərinin azalmasının yaratdığı çətinliklər iqtisadi siyasətimizdə dəyişikliklər tələb edir. İxrac və idxalda diversifikasiya qaçılmazdır”.

Baxış sayı: 4663 | Tarix: 15.03.2022
Bizi Telegramda izləyin: @repostaz